Azərbaycan himni ilə bağlı yeni qaydalar müəyyənləşdi

Dövlət gerbi ilə bağlı da məhdudiyyətlər təsdiqləndi

“Azərbaycan himni ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər”.

Bu, Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində yer alıb.

Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edən qanun 10 maddədən ibarətdir.

Layihədə qeyd edilir ki, Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Parlamentin Komitə sədri Əli Hüseynli bildirib ki, qanun layihəsini əvvəlki oxunuşlarda müzakirələri zamanı Himn oxunarkən əlin sinəyə qoyulması və s. məsələlər də qaldırılıb: “Ancaq biz beynəlxalq təcrübə öyrəndik. Heç yerdə belə bir praktikaya rast gəlmədik və məlum oldu ki, bu, sadəcə, bir ənənədir”.

Digər dəyişikliyə əsasən, Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

Bundan başqa, himin mütləq oxunmalı olduğu hallar müəyyənləşib:

– Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra);
– Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman;
– Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
– Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
– Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
– Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
– Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;
– dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən);
– Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra).

“Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsinə də dəyişiklik edilib. 9 maddədən ibarət olan qanunda dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Qanun layihələri səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub. (meydan.tv)

Bu yazını paylaş

Taleh Bağırzadənin həyat yoldaşı: “Biz ədalət tələb edirik”

Next Story »

Nazirlər Kabineti: Azərbaycanda yoxsulluq səviyyəsi 5,1 faizdir

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.