• Baxış sayı 167

Firudin Cəlilov: “Azərbaycanda dərsliklər bərbad vəziyyətdədir”

Xalqın və dövlətin inkişafla ayaqlaşması üçün təhsildə vaxtaşırı islahatlar aparılması lazımdır. Təhsil islahatlarının dünyada inkişafın səviyyəsindən geri qalması xalqın, dövlətin, iqtisadiyyatın, mədəniyyətin geri qalması deməkdir. Bunu keçmiş təhsil naziri Firudin Cəlilov Turan-ın müxbirilə söhbətində bildirib.

Keçmiş nazir son illər məktəblərdə yeni tədris vasitələrindən, yeni texnologiyalardan istifadəni, yeni məktəb binalarının tikintisini müsbət qiymətləndirir.

“Amma təhsilin məzmunu məsələsi də var. Buna birinci növbədə dərsliklər aiddir. Azərbaycanda orta və ali məktəb dərslikləri bərbad vəziyyətdədir. Halbuki, təhsilin məhəng daşı dərsliklərdir. Milli siyasətə uyğun sanballı dərsliklər yazılmalıdır, proqramlar tərtib edilməlidir”, -o qeyd edib.

F.Cəlilov hesab edir ki, hazırda məzmuna yox, görüntülü tərəflərə daha çox fikir verilir.

Firudin Cəlilov 1992-1993-cü illərdə mərhum prezident Əbülfəz Elçibəyin hökumətində təhsil naziri olub. O, birillik fəaliyyəti dövründə MDB məkanında ilk dəfə olaraq humanitar standartlara cavab verən “Təhsil haqqında” qanun qəbul edildiyini, 70-dən çox dərsliyin hazırlandığını bildirib.

“Bizim bir ildə həyata keçirdiyimiz təhsildə məzmun islahatları qədər son iyrimi beş ildə islahat aparılmayıb. Bizim islahatlarımız Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib. Ölkəyə test üsulunu gətirdik, yeni proqramlar hazırlandı, tədrisə yeni fənlər əlavə etdik”, – o xatırladıb.

Keçmiş nazir ölkədə Finlandiya təhsil sisteminə uyğun təhsil sistemini arzulayır.

“O vaxt qəbul etdiyimiz “Təhsil haqqında” qanun bu sistemə uyğun idi. Finlandiya təhsil sistemi dünyada ən qabaqcıl sistemdir. Bu sistem uşaqlara sərbəstlik verir. Bizdəki kimi körpə uşaqları dərslərlə həddən artıq yükləmirlər. Uşaq öz uşaqlığını da yaşamalıdır. Uşaq məktəbdə aldığı təhsili, təlim-tərbiyəni məcburən yox, sevərək qəbul etməlidir. Bu baxımdan Azərbaycan təhsil sistemi hələ tam oturuşmayıb. Bizim təhsil sistemimizdə Rusiya və Avropa təhsil sistemlərinin elementləri var. Həm də Şərq ölkələrindən bizə keçmiş təhsil ocaqları (dini məktəblər) var”, – o qeyd edib.

Keçmiş nazir Azərbaycanda tədrisi rus dilində olan məktəblərin sayının digər dillərdə olan məktəblərdən daha çox olmasının səbəbləri ilə bağlı sualın cavabında deyib ki, rusdilli məktəblərdə dərsliklər pedaqoji baxımdan yüksək yazılıb, təlim və tərbiyə yüksəkdir.

“Valideynlər rus məktəblərində tədrisin yüksək olduğunu gördüyündən uşaqlarını həmin məktəblərə qoymağa üstünlük verirlər. Amma buna qəti imkan vermək olmaz. Doğrudur, rus, ingilis və digər dilləri öyrənmək lazımdır. Uşaqlarımzı başqa dilli məktəblərdə oxutmaq onları milli kökdən ayırmaq deməkdir”, – F.Cəlilov qeyd edib.

Xatırladaq ki, hazırda Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

Azərbaycanın Təhsil Nazirliyi dərsliklər və islahatlarla bağlı tənqidləri bir qayda olaraq qəbul etmir. Ölkənin təhsil sistemində islahatların uğurla davam etdirildiyini və dərsliklərin yaradılması istiqamətində davamlı işin aparıldığını bildirir.

Sentyabrın 15-də Azərbaycanda 2018/2019-cu tədris ili başlayır. Bu tədris ilində ölkədəki 4480-dən çox orta ümümtəhsil məktəblərində 1 milyon 470 mindən çox şagird, 47 ail məktəbdə və filiallarda 160 mindən çox tələbə təhsil alacaq.

Bu yazını paylaş

Qarabağ Komitəsi mitinq qərarı verdi-29 SENTYABRDA!

Next Story »

Ddos hücumlarından sonra AzToday.az saytı dağıdılıb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.