• Baxış sayı 61

Bayram sevinci yaşadıqmı…

Daha bir Qurban bayramını yola verdik. Allah hər xoş niyyətə kəsilən qurbanları qəbul eləsin. Baxmayaraq ki, bu gün bəziləri təbrik belə qəbul etmək istəmir. Bir dostum da zəng vurub təbriklərini çatdıranda iradsız ötüşmədi:

“Hər hansı səbəbə görə canlı kəsilirsə, onu necə bayram saymaq olar? Heç olmasa Qurban günü desinlər”,- dedi. Mübahisə açmaq fikrim və niyyətim yoxdur. Hərə bir arqument gətirəcək və dediklərinin mütləq həqiqət olduğunu əsaslandırmağa çalışacaq. Ona görə min illərdən gələn ənənəni saf-çürük etməkdən uzağam.

Ancaq XXI əsrdə yaşadığımızı da unutmamalıyıq. Niyə adi bir işi təşkil etmək bu qədər problemə çevrilsin; hökumətin əlində bu qədər resursları olduğu halda… Düzdür, kəsim məntəqələrinin yaradılacağını elan ediblər, ancaq bu məntəqələr də kimlərçünsə yeyinti yeri olacaq, nəticədə qəssablar ətin qiymətini qaldıracaq, yenə də ziyanı sadə vətəndaşlar ödəməli olacaq. Hökumətimiz heç bir halda sahibkarlığın inkişafını istəmir, bütün sahələri əlində cəmləyə, hamısından rüşvət yoluyla qazanc götürməyə çalışır..

Avqustun 22-də şəhərin müxtəlif yerlərində oldum, antisanitariyanın paytaxt küçələrini başına götürdüyünü kameranın yaddaşına yazdım. Şəkillər durumun hansı səviyyədə olduğunun əyani sübutudur. Baxmayaraq ki, rəsmilər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işləri aparıldığı demişdi. Onu da vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi həmin məntəqələrin bəzilərində oldum və oranı boş gördüm.

Paytaxta qoyun gətirən fermerlər, yaxud işbazlar gətirdikləri heyvanları həmin məntəqələrdə deyil, yerləşə bildikləri ərazidə, demək olar, heç bir şəraiti, suyu belə olmayan yerlərdə kəsib satırdılar. Nazirliyin təşkil etdiyi satış yarmarkalarında kəsim yox idi, heyvanlar ancaq diri satılırdı. Satış yerlərinin yaxınlığında hərə özünə bir obyekt açıb 10 manata qoyunu kəsib, soyub sahibinə verirdi.

Yeri gəlmişkən, bəziləri qurban almağa qoyun paltarları gətirmişdi, elə oradaca həmin paltarları qoyunlara geyindirirdilər, bu da heç xoş mənzərə yaratmırdı. Adamlarda düşüncə fərqi olduğu anlaşılandır, ancaq bu düşüncənin kütləviləşməsi üzücüdür…

Bu işə sorumlu qurumlar üzərlərinə düşəni edə bildimi? İki gün qabaqdan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov AzərTAc-a bildirmişdi:

“Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək nazirliyin dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan 20 min baş heyvan gətirilib”.

Yarmarkaların Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi məntəqələrdə təşkil olunacağını deyən V.Hüseynov bildirib ki, Bakıda 32 yerdə, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq.

“Bundan başqa nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaqlar.
Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq”.

Şərifzadə küçəsində nazirliyin yarmarkası vardı. Həmin yarmarkada istisnasız olaraq yalnız Gürcüstandan gətirilən qoyunlar satılırdı. Həmin qoyunlara da KTN 160 manat qiymət qoymuşdu. Çox təəssüf ki, nazirlik rəsmiləri Gürcüstandan, başqa ölkələrdən qoyunları nə neçəyə aldıqlarını, nə də 160 manat qiymətin hansı əsasla qoyulduğunu açıqlamamışdılar. Yarmarkanın satıcıları narazılıq edən alıcılara deyirdilər ki, onlarlıq iş yoxdur, qiyməti nazirlik nümayəndələri qoyub. Onların fikrincə, Gürcüstandan gətirilən qoyunların orta çəkisi 13-15 kiloqramdır.

Ancaq alıcılar orta çəkinin 12-13 kq olduğunu deyir:

“Bu hesabla nazirlik ətin kiloqramını 12 manata satır. Bunun harası güzəşt oldu? Fermerlər də həmin qiymətə satır, yarmarkada seçim imkanı verilmir, böyüklü-balacalı eyni qiymətdir. Fermerlərdə istədiyini seçirsən, üstəlik, yerli heyvanların əti daha dadlıdır”. Yarmarkada olarkən bir qadının qiymətə etirazına nazirlik nümayəndəsinin kobud cavab verdiyinin şahidi oldum. Qısa söz savaşından sonra problem yoluna qoyuldu; nazirliyin kamerasına müsahibə verməyə razılaşan həmin qadına qiymətdə güzəşt edildi, müsahibədən sonra hər iki tərəf heç nə olmamış kimi gülümsəyirdi, razılaşma uğurlu alınmışdı…

Yarmarka satıcıları baytar həkimlərdən də şikayətləndilər:

“Səhərdən neçəsi gəlib, hərəsi bir təşkilatdan olduğunu deyib güzəşt istəyir”.

Daha bir müşahidə. Alıcılar qurbanlarının necə kəsilməsiylə maraqlanmırdılar. Bıçağını götürüb yarmarkaya qəssablığa gələnlərin hərəsi heyvanı üzü bir istiqamətə kəsirdi. Çoxu da sudan istifadə etmirdi; səbəb sadəydi, çünki su yox idi. Hər tərəf qan gölməçəsi, baş, ayaq, qarın, bağırsaq, dəri… Küçənin kənarında kəsilən qoyunun yerdə qanın içində çırpındığını görən bir uşaq həyəcanla anasına sarı qaçdı:

“Mama, oni ubili barana!”(“Ana, onlar qoyunu öldürdülər”). Deyəsən, ana qızını özüylə götürməkdə səhv etdiyini yalnız bu sözdən sonra anladı, tez uşağı başqa istiqamətə apardı…

Bayram sevincini yaşamağa çalışın, bu qarışıq dünyamızda, problemləri başdan aşan ölkəmizdə çətin olsa belə…

(meydan.tv)

Bu yazını paylaş

BİZİM QƏHRƏMANLAR NİYƏ YADLARIN ÜMİDİNƏ QALIB? !!!

Next Story »

Ötən il 30 min nəfər narkotik istifadəçisi qeydə alınıb

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.