• Baxış sayı 267

İmişlidə pambıq sahəsində növbəti kütləvi zəhərlənmə

İyunun 21-də İmişlinin Aranlı kəndindəki pambıq tarlalarının birində də kütləvi zəhərlənmənin olduğu deyilir.

Bu barədə Azadlıq Radiosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə təxminən saat 11-də kəndin “Petro yeri” deyilən ərazisində baş verib:

“Pambıq tarlasında 60 nəfərədək adam olub. Narahatlıq olan kimi dərhal təcili yardım çağırılıb. Amma zəhərlənən şəxslər Rayon Mərkəzi Xəstəxanasına aparılmayıb. Həkim briqadası gəldi və ilkin yardım kənd xəstəxanasında göstərildi. İcra işçiləri də tökülüb gəlmişdilər. Hazırda burada 24 xəstə var, qalanlarını evə buraxıblar. Hamıdan analizlər götürüb aparıblar rayona. Hələ bilinmir nədir.”

İmişli Rayon Mərkəzi Xəstəxanasından da bildirilib ki, zəhərlənən şəxslər Aranlı və Qızılkənd kəndlərindəki xəstəxanalara yerləşdirilib:

“Dəqiq say deyə bilmərəm. İki gün əvvəlki hadisə zamanı zəhərlənənlərin isə bir qisminin Mərkəzi Xəstəxanada, stasionar şəraitdə müalicəsi davam etdirilir. Başqa xəstələrimiz də var. Ona görə də, həkim və tibb bacılarından ibarət briqada yaradıb ora göndərmişik. Baş həkim özü də oradadır”.

İmişli Rayon İcra Hakimiyyəti başçısının Aranlı kəndi üzrə nümayəndəsi Əlihümbət Alıkişiyev isə deyilənləri təkzib edib:

“Belə şey olmayıb. İki gün əvvəl kənddən bir-iki nəfər xəstələnmişdi. Yəqin bunu deyirlər. Həmin şəxslərin də vəziyyəti yaxşıdır.”

Ancaq Aranlı kənd bələdiyyəsinin sədri Nadir Vəliyev bir qədər fərqli danışıb. O, pambıqçıların səhhəti ilə bağlı təhlükəli durumun olmadığını bildirib.

Bələdiyyə sədri açıqlamasında bu gün, iyunun 21-də Aranlıda pambıq sahəsində çalışanların səhhətində pozulmaların olduğunu qeyd edib.

“Başgicəllənməsi, ürəkbulanması olanlar vardı. Hamısı gəldilər, kənddəki tibb məntəqəsində müayinə olundular. Kənd məntəqəsində lazımi şərait yaradılıb. Başqa yerdə müalicə olunmalarına gərək olmayıb. Nə gərək idisə edildi, yardım aldılar, evlərinə getdilər. Təhlükəli heç nə yoxdur”.

Bələdiyyə sədrinin sözlərinə görə, sağlığında problem yarananların sayı 23-24 nəfər olub. Hazırda onların hamısının durumunun qaydasında olduğu qeyd edilir.

İmişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayev bu barədə danışmaq istəməyib. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov isə deyilən hadisənin baş verdiyini təsdiqləyib:

“Xəbəri eşidən kimi, mən də həmin kəndə gedib, vəziyyətlə yerində tanış oldum. Dərmanlama işi iyunun 2-də aparılıb. Yəni, işçilərin tarlaya tez buraxılmasından söhbət gedə bilməz. Analizlər götürülüb, bunu tibb işçiləri deyə bilər ki, zəhərlənmə niyə olub. İlkin yardımdan sonra hamı evə buraxılıb, narahatlıq yoxdur.”

Bu yazını paylaş

Susaraq yaratdığımız Suriya

Next Story »

Elnur Cəfərov Vidadi Səmədovun əmlakını mənimsəyib – VİDEO

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.