• Baxış sayı 1296

Azərbaycan polisi qanuni səlahiyyətlərini icra etmək əvəzinə siyasətlə məşğuldur

Elçin Məmməd: Korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslərin gəlir bəyannaməsini kağız üzərindən icraya yönəltmək lazımdır.

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə namizədlərin sayının çox olması fəallıq yaradıb. Son vaxtlar “köhnə qvardiya”nın siyasi səhnəni tərk etməsi qanunverici orqana iddialı olan müstəqil namizədlərin sayının artması ilə müşahidə olunur. Vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, jurnalistlər deputatlıq uğrunda seçkilərə qatılıb. Onlar Azərbaycanda yaranmış hüquqi nihilizmi, qanunsuzluğu, insan hüquları sahəsində problemləri aradan qaldırmaq məqsədilə xalqın mandatını qazanmaq üçün bu addımı atdıqlarını bildirilər. 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd hüquq müdafiəçisi Elçin Məmməd də hesab edir ki, ilk növbədə ali qanunverici orqanın icra hakimiyyətindən asılılığını aradan qaldırmaq lazımdır. Bundan əlavə, həm Milli Məclisin fəaliyyətində, həm də qanunvericilik sahəsində ciddi hüquqi islahatlara ehtiyac var. Elçin Məmməd deputat seçiləcəyi təqdirdə, Milli Məclisdə hansı məsələləri qaldıracaq? Bununla bağlı “Yukselis.info”nun suallarına namizəd cavab verib.
Elçin bəy, millət vəkili olacağınız təqdirdə büdcədə hansı xərclərin azaldılmasını, hansının artırılmasını tələb edərdiniz?
– Azərbaycan Respublikasının 2020-ci ilə dair dövlət büdcəsinin xərclər hissəsi 26 milyard 894 milyon 700 min manat təşkil edir. Həmişəki kimi bu ilki büdcədə də əsas xərclər  müdafiə sahəsini çıxmaqla digər dövlət orqanlarının və hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsinə yönəldilib. Cari ildə qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 1 milyard 124 milyon 12 min 690 manat vəsait ayrılıb. Hüquq-mühafizə orqanlarına, yəni əsasən daxili işlər oqranlarına 1 milyard 474 milyon 160 min 839 manat maliyyə ayrılıb. Prokurorluq orqanlarına isə ayırmalar 68 milyon 168 min 696 manat təşkil edir.
Əvvəlki illərə nisbətdə qismən artımların olmasına baxmayaraq, büdcə vəsaitlərinin ən az yönəldiyi sahələrdən biri isə sosial təminat və sosial müavinət olaraq qalır. Azərbaycan hakimiyyəti sosial müdafiəyə 254 milyon 290 min 750, sosial təminat məqəsdilə isə 52 milyon 683 min 746 vəsait ayırıb. Beləliklə, sosial müdafiəyə  hüquq-mühafizə orqanlarına ayrılan məbləğdən 5,8 dəfə, sosial təminata ayrılan xərclərdən 28 dəfə artıq maliyyə ayrılıb. Prokurorluq orqanları üçün nəzərdə tutulan xərclər hissəsi sosial təminatdan 15 milyon 490 min manat civarındadır. Diqqəti çəkən maraqlı məqam isə sosial təminatı və müdafiə üzrə əsas vəsaitlərin bu siyasəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılmasıdır. 2020-ci ildə Azərbaycan büdcəsindən qeyd edilən məqsədlə 1 milyard 426 milyon  914 min 30 manat xərclər hissəsi təsdiqlənib. Hazırda ən çox korrupsiya sisteminin məhz icra hakimiyyəti strukturları olduğunu nəzərə alsaq, o zaman sosial sahəyə ayrılandan dəfələrlə çox nə üçün dövlət orqanlaına yönəldiyi aydın olar.
Tikinti və şəhərsalma sektoruna yönəldilən xərclərin həcmi 4 milyard 910 milyon  561 min 800 min manat təşkil edir ki, bu da Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərindən (3 milyarda 853 milyon 585 min 721 manat) 1 milyard 57 min manat çoxdur. Azərbaycanda YAP hakimiyyəti dövründə, xüsusilə də 2005-ci ildən başlayaraq neft gəlirlərinin korrupsiya yolu ilə mənimsənilməsinin əsas üsullarından biri tikinti sektoru olub. Heç bir maliyyə şəffaflığı olmayan, çirkli pulların yuyulması mənbəyinə çevrilmiş hündürmərtəbəli binaların inşası və köhnə binaların təmiri, eləcə də yeni yolların, körpülərin salınması və istismar müddəti başa çatmadan yenidən təmir  edilməsi neft gəlirlərinin talanması üsuluna çevrilib.
Ona görə də mən millət vəkili seçilsəm ilk növbədə, Azərbaycanda hüquq-mühafizə işçilərinin sayının beynəlxalq kvotalara uyğun şəkildə azaldılması hesabına bu sistemə ayrılan dövlət xərclərinin sosial müavinət və sosial təminat problemlərinin həllinə yönəldilməsi məsələsini qaldırardım. Azərbaycan hökuməti daxili işlər orqanları əməkdaşlarının sayını açıqlamasa da beynəlxalq təşkilatların hesabatları hər min nəfərə düşən polisin sayının 60 faizi ötdüyünü göstərir. Ona görə də xalqımız mənə mandat verərsə, dövlət büdcəsindən hüquq-müafizə və yerli icra hakimiyyəti orqanlarına ayrılan xərclərin azaldılması, eləcə də neft gəlirlərindən daxilolmalar hesabına xüsusi sosial təminat və sosial müdafiə proqramının hazırlanması təkliflərini irəli sürəcəm. İlk növbədə Azərbaycanda uşaq pullarının verilməsi məsələsi prioritet məsələ olaraq qaldırılacaq.
Bu baxımdan, Rusiya prezidentinin yanvarın 16-da təqdim etdiyi sosial islahatlar paketi hamımız üçün gözəl nümunə ola bilər. Ailədə 1-ci uşaq doğulanda 7 min 600 dollar (12 min 920 manat), 2-ci uşaq doğulanda isə əlavə 2 min 443 dollar (4 min 153 manat) birdəfəlik yardım veriləcək. Beləliklə, 2 uşaqlı ailə dövlətdən birdəfəlik yardım kimi 10 min 43 dollar (17 min 73 manat) yardım alacaq. Ailədə 3-cü uşaq doğulanda isə dövlət əlavə olaraq 7 min 330 dollar (12 min 461) da ailənin mənzil ipotekasını ödəməyə yönəldəcək. Beləliklə, 3 uşaqlı ailə uşaqlar doğulduqca dövlətdən üst-üstə 17 370 dollar (29 min 529 manat) birdəfəlik yardım ala biləcək. Ailədə birinci və ikinci uşağa 3 yaşına qədər aylıq 180 dollar (306 manat) uşaq pulu veriləcək. 3 yaşdan 7 yaşa qədər uşaqlara bu il 90 dollar (153 manat), gələn ildən hər uşağa 180 dollar (306 manat) aylıq uşaqpulu veriləcək.
Azərbaycan məmurları, deputatları yüksək maaş alanda vəsait tapılır, amma nədənsə hökumət uşaq puluna qıymır. Hakimiyyət və ona yaxın kütləvi informasiya vasitələri bütün günü Ermənistanın iqtisadi cəhətdən dağılmasından danışır. Amma o düşmənimiz və bəyənmədiyimiz Ermənistanda da hökumət uşaqların qayğısını düşünür. Ermənistanda hazırda hər birinci doğulan uşağa görə, 50 min dram və ya təxminən 104 dollar, ikinci uşağın dünyaya gəlməsinə görə bir 150 min dram və ya  314 dollar birdəfəlik müavinət verilir. Ermənistanın əmək və sosial məsələlər naziriliyinin verdiyi məlumata görə, hökumət ölkədə demoqrafik vəziyyətin yaxşılaşdırılması  proqramı çərçivəsində birdəfəlik müavinətlərin həcmini altı dəfə artırmaq niyyətindədir.
Yeni hazılanmış proqram hər doğulan birinci uşaq üçün 300 min dram və ya 628 dollar, hər ikinci uşağa görə ildə iki dəfə 300 min dram (ümumilikdə 1256 dollar) verilməsini nəzərdə tutur. Yeni birdəfəlik ödənişlərin tətbiqi 2020-ci il iyulun 1-dən həyata keçiriləcək. Bu məqsədlə Ermənistanın 2020-ci il dövlət büdcəsindən 3,7 milyard dram və ya 7 milyon, 757 min 338 dollar vəsait ayrılacaq. 2019-cu ildən etibarən dünyada neftin bahalaşması tendensiyasının artdığını nəzərə alsaq, ekspertlərin hesablamalarına görə, Azərbaycan hökuməti 1-4, 4-7, 7-12 və 12-18 yaşlar üzər 80 manatdan 50 manata qədər uşaqpullarının ödənilməsi proqramını həyata keçirə bilər.
Dövlət ali təhsil müəssisələrində ödəniş haqlarının iki il ərzində mərhələli şəkildə ləğv edilməsi, universitetlərin özünü maliyyəşdirmə mexanizminə keçilməsi, qrant, ianələr, müsabiqələr və elmi təcrübə mübadilələri hesabına maliyyələşməsi, müəllimlərin reytinq sistemi əsasında seçilməsi üsulunun tətbiq və aylıq gəlirlərinin formalaşması mexanizmlərini nəzərdə tutan proqram və təkliflər verilməlidir. Tələbələrə uzunmüddətli faizsiz təhhsil kreditləri verilməlidir. Universitetlər üçün müasir standartlara cavab verən tələbə şəhərcikləri salınmalı, tələbələrin bahalı kirayə mənzil haqqı ödəmək probleminə son qoyulmalıdır.
Azərbaycanda bütün orta məktəblərin təmiri, istilik sisteminin müasir standartlara uyğun qurulması (kənd rayonlarında istilik sistemi noyabrın 1-dən aprelin 20-ə qədər həyata keçirilməlidir), şagirdələrə və müəllimlərə isti yeməyin verilməsi təmin edilməsi haqda təkliflər irəli sürəcəm.
Azərbaycanda onkoloji xəstələrin müayinə və müalicəsi ilə yanaşı, dərmanla təminatının da dövlət hesabına ödəniməsi, dövlət hesabına tibbi sığorta olunmasını təklif edəcəm.
Yəni ümumilikdə, götürdükdə əsas xərclər sosial sahəyə yönəldilməlidir. Lakin bu yeganə prioritet sahə olmamalı, hökumət iqtisadiyyatı, istehsalın gücləndirlməsini də prioritet elan etməlidir.
Neft asılılığının azaldılması üçün hökumətə hansı qanuni məhdudiyyətlərin tətbiqi  haqda düşünürsünüz?
– Azərbaycan iqtisadiyyatının neftdən asılılığı danılmaz reallıqdır. Təəssüflər olsun ki, dünya bazarında neftin qiymətinin ən aşağı həddə düşdüyü vaxtlarda belə, Azərbaycan hökuməti iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində heç bir tədbir görmədi. Azərbaycan hökumətinin ümidini yenə neftin bahalaşmasına bağlaması isə öz növbəsində, şəraitdən asılı olaraq iqtisadi, sosial, hətta siyasi risklər doğurur. Bu gün dünya bazarında neftin qiymətinin siyasi amillərdən asılı olaraq formalaşdığını nəzərə alsaq, ekspertlər yaxın bir neçə ildə bahalaşmanın baş verəcəyini istisna edir. Üstəlik, alternativ enerji mənbələrinin inkişafı, elektromobillərə tələbatın artması kimi amillər də neft bazarında balansın dəyişməsinə gətirib çıxarıb. Əslində, Azərbayan “Holland sindromu”nu çoxdan yaşayıb və neftdən asılılıq problemi öz acı nəticələrini 9-10 il öncə verib. Amma Azərbaycan əhalisinin maddi rifah halını yaxşılaşdırmaq, iqtisadiyyatın bütün seqmentlərini ayağa qaldırmaq üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Azərbaycanda son 27 ildə “Neft haqqında” qanunun qəbul olunmaması bu sahədə əldə olunan gəlirlərin ünvansız şəkildə talanmasına, şəffaf hesabatlılığın olmamasına gətirib çıxarıb. Buna baxmayaraq, xüsusi hesablarda saxlanılan neft gəlirlərinin və hazırda satışdan əldə olunan vəsaitlərin səmərəli istifadəsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsinə ehtiyac var. Əgər mən millət vəkili seçilsəm, ilk növbədə, “Neft haqqında” qanunun qəbulu məsələsini gündəmə gətirəcəm. Çünki neft heç bir vəzifəli şəxsin deyil, Azərbaycan dövlətinin və xalqının təbii sərvətidir, ona məxsusudur. Neftdən gələn gəlirlər də vəzifəli şəxslərə deyil, xalqa çatmalı, dövlətin strateji maraqları üçün sərf olunmalıdır. Eyni zamanda, hesab edirəm ki, Milli Məclis bu məqsədlə Neft Gəlirlərinin Səmərəli İstifadəsi ilə bağlı da ayrıca qanun qəbul etməlidir. Ona görə də bu təşəbbüslə məsələ qaldırmaq istədirm.
Nəhayət, Azərbaycanda neftdən asılılıq problemini aradan qaldırmaq üçün ilk növbədə, iqtisadiyyatın xammaldan asılılğına son qoyulmalıdır. Ölkədə rəqəmsal iqtisadiyyat formalaşmalıdır. Təsəvvür edirsiniz, 2019-cu ildə Azərbaycanın ixrac məhsulları içərisində birinci yeri neft tutubsa, ikinci yerdə qızıl satışıdır. Əgər bu ölkə neft və qızıl satmaqla məşğuldursa niyə əhalisi yoxsul, ac, kasıb yaşayır? Bu suallara hökumət cavab vermək istəmir. Amma problem ondadır ki, biz bu statistikadan Azərbaycan iqtisadiyyatının tam xammaldan, yəni təbii sərvətlərin satışından asılı olduğunu görürük. Ölkədə beynəlxalq bazarlara məhsul çıxara biləcək rəqabət qabiliyyətli sənaye istehsalı isə səfır vəziyyətindədir. Bütün bu məsələlərin isə parlamentdə qaldırılmasına, hökumətdən tələb edilməsinə ehtiyac var. Milli Məclis Rəqabət Məcəlləsini qəbul etmək istəmir. Çünki bu qanun hakimiyyətdə oturan vəzifəli şəxslərin biznes maraqlarına toxunur. Bütün bunların qanunverici orqandan və hökumətdən tələb edilməsinə ehtiyac var. Ümumiyyətlə, Azərbaycanda azad bazar münasibətlərinin və iqtisadi inkişafın təmin edilmsi üçün ilkin şərtlərdən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasıdır. Bu məsələnin Milli Məclisdə qaldırılması və hökumətin qarşısında vacib tələb kimi qoyulmasına ehtiyac var.
Sizcə minimum əməkhaqqı yetərlidirmi və nə qədər olmalıdır?
– Məlum olduğu kimi hazırda minimum əmək haqqı 250 manat təşkil edir. Bu isə orta aylıq əmək haqqının (620 manat) 43%-nə bərabərdir. Bu göstərici Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasının tələblərinə uyğun deyil. Belə ki, Avropa Sosial Xartiyasının tələblərinə görə minimum əməkhaqqının məbləği orta aylıq əməkhaqqının 60%-dən az olmamalıdır. Bu isə o deməkdir ki, Azərbaycanda minimum əmək haqqını orta aylıq əmək haqqının 60%-i səviyyəsinə, yəni ən azı 350 manata çatdırmaq lazımdır. Amma hazırdakı istehlak bazarındakı  inflyasiyanı da nəzərə alsaq, minimum əməkhaqqının artırılması günün tələbinə çevrilib.
Fikrimcə, pensiyaların da sığorta hissəsinin artırılması və ona müvafiq olaraq indeksasiyası da minimum əmək haqqındakı qeyd etdiyim artım səviyyəsinə uyğun  aparılmalıdır.
Millət vəkili olacağınız halda Qarabağ münaqişəsinin həlli ilə bağlı dinləmələr tələb etmək və başqa qanunverici təşəbbüsləriniz olacaqmı?
– Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ümummilli problemdir. Dövlətin bütün resursları, xalqımız bu münaqişənin aradan qaldırılması, torpaqlarımızın azad edilməsi üçün səfərbər edilməlidir. Lakin Azərbaycan hakimiyyəti bütün sahələrdə olduğu kimi bu məsələni də siyasi inhisara alıb. Azərbaycan parlamenti faktiki olaraq, Dağlıq Qarabağ probleminin həlli prosesindən kənarlaşdırılıb. Azərbaycan prezidenti və danışıqlarda birbaşa iştirak edən xarici işlətr naziri ali qanunverici orqan qarşısında heç bir hesabat vermir. Ermənistanda isə biz bunun əksini görürük. Baş nazir Paşinyan Dağlıq Qarabağ problemi ilə bağlı parlamentdə çıxışlar edir, müzakirələr aparır, ən sərt bəyanatlarını verir. Hətta ondan əvvəl sabiq prezident Serj Sarkisyan da Dağlıq Qarabağ məsələsində dövlət siyasətini parlamentlə əlaqəli şəkildə həyata keçirirdi. Azərbaycanda isə parlamentin mövqeyinə saymazlıq nümayiş etdirilir. Sonuncu dəfə Azərbaycan Milli Məclisində dinləmələr 2002-ci ildə keçirilib. Hesab edirəm ki, 17 ildir deputatların, ziyalıların, müxalifətin iştirakı ilə belə dinləmələrin keçirilməməsi Azərbaycanın milli maraqlarına ziddir. Bu ənənəyə son qoymağın vaxtı çatıb.
Bundan başqa, Azərbaycan dövləti işğal olunmuş ərazilərin statusuna dair xüsusi qanun qəbul etməlidir. Ukraynada artıq bu təcrübə tətbiq edilib. Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və dağlıq Qarabağın yekun statusu da “Madrid prinsipləri” və ya “Kazan formulu” kimi təkliflər paketi ilə deyil, məhz həmin qanunla müəyyən edilməlidir. Bu qanunun hazırlanması zamanı Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq təşkilatların, yəni BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin qətnamələrində əksini tapmış prinsiplərdən istifadə olunmalıdır. Hesab edirəm ki, “Madrid prinsipləri”ndə əksini tapmış xalqların öz müqəddərratını təyinetmə prinsipi və Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə müəyyən edilməsi təklifi Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və suverenliyinə ziddir. Ona görə də Azərbaycan “Madrid prinsipləri”ndən imtina etməli, danışıqlar prosesinin şərtlərini öz qanunvericilik bazası əsasında formalaşdırmalıdır. Mən millət vəkili seçiləcəyim təqdirdə, məhz bu təkliflərlə çıxış edəcəm.
Azərbaycanda məhkəmələrin azad olduğunu düşünürsünüzmü və bu barədə hansı təşəbbüslə çıxış etmək istəyirsiniz?
– Azərbaycanda siyasi və hüquqi nihilizmin baş alıb getməsi, korrupsiyanın artmasının başlıca səbəblərindən biri məhkəmələrin müstəqil olmamasıdır. Məhkəmələr icra hakimiyyətinin bir əlavəsi olaraq qalır. Məhkəmələrdə müdafiə mexanizmi deyil, cəza mexanizmi işləyir. Xüsusilə də məhkəmələr siyasi məqsədlə cəzalandırma institutuna çevrilib. Ona görə də məhkəmələrin və hakimlərin statusu və fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Ancaq bu hakimiyyətin dövründə ciddi dönüşün baş verəcəyi şübhə doğurur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamalı, ümumiyyətlə Avropa Birliyinin Assosiasiya Sazişinə qoşulmalı və məhkəmə islahatları da bu sənədin şərtlərinə uyğun olaraq yeni yaradılacaq qanunvericiliklə təmin edilməlidir.
Vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsini təmin etmək üçün etibarnamə ilə  hüquqi nümayəndəlik institunun məhdudlaşdırılması haqqında qanunvericiliyə edilmiş dəyişikliklərin aradan qaldırılması günün tələblərindən biridir. Vəkillərin sayına qoyulan süni kvota da aradan qaldırılmalı, alternativ vəkillik kollegiyalarının yaradılması qanunla təmin edilməlidir.
Ölkədə korrupsiya ilə bağlı durumu necə qiymətləndirisiniz və korrupsiya ilə bağlı hansı qanunvericilik planlarınız var?
– Azərbaycanda korrupsiyanın aradan qaldırılmasının ən mühüm şərtlərindən biri ölkəmizin Avropaya inteqrasiya prosesinin sürətlənməsidir. Yəni Azərbaycanla Avropa Birliyi arasında dərin və hərtərəfli strateji sazişin tezliklə imzalanmasına nail olmaq üçün Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesi yekunlaşmalı, ölkəmiz bu quruma daxil olmalıdır. Bu halda Azərbaycanda, maliyyə şəffaflığı, hesabatlılıq, hakimiyyət orqanlarının fəaliyyətinə ictimai nəzarət ön plana keçəcək. Vəzifəli şəxslərin çirkli pulların yuyulması və qara bizneslə məşğul olması mümkün olmayacaq. Azərbaycan Avropa Birliyi ilə Assosiativ Sazişə imza atarsa, bu sənəd üzrə götürülən öhdəliklər korrupsiya və rüşvətxorluğun sonunu gətirəcək. Amma Milli Məclis indiyə qədər oyuncaq bir struktura çevrildiyindən bu təklifin qaldırılması və həyata keçirilməsi heç kimin marağında olmayıb. Yaxud heç bir deputata Azərbaycan hökumətindən Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının müddəalarından irəli gələn tələbləri icra etməyi tələb edə bilməyib. Amma mən bunları edəcəm. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanda korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslərin gəlir bəyannaməsini kağız üzərindən icraya yönəltmək lazımdır. Bütün vəzifəli şəxslər öz gəlirləri və əmlakı ilə bağlı parlament qarşısında deklorativ açıqlama verməlidir.
Sizcə ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşması üçün parlament nə etməlidir?
– Ümumiyyətlə Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşması üçün hakimiyyət beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməlidir. Yəni Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropa Birlyi Şərq Tərəfdaşlığı Proqramı üzrə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Nəhayət, Azərbaycan Avropaya və Avroatlantik məkana inteqrasiya siyasəti yürütməli və bundan irəli gələn demokratik islahatlar həyata keçirməlidir. Ölkədə vətəndaş cəmiyyətinin, media azadlığının fəaliyyətinə yüksək şərait yaradılmalı, siyasi məhbuslar qeyd-şərtsiz azadlığa buraxılmalı, siyasi diskriminasiyaya son qoyulmalı, işgəncə hallarına yol verilməməli, sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Əfsuslar olsun ki, Milli Məclis Azərbaycanda insan hüquqlarının pozulması istiqamətində hökumətin əlində vasitəyə, repressiya maşınına çevrilib. Azərbaycanda insan hüquqlarının, vətəndaş cəmiyyətinin, söz və mətbuat azadlığının, sərbəst toplaşmaq hüququnun pozulması halları məhz Milli Məclisin ya əvvəllər qəbul  etdiyi qanunlara etdiyi mürtəce dəyişiklilərin edilməsi, ya da hüquqi qadağaların tətbiqi nəticəsində baş verir. Bir sıra hallarda isə parlament insan haqlarının müdafiəsi və təmin edilməsi istiqamətində zəruri olan qanunları qəbul etmir və məqsədyönlü şəkildə hüquqi boşluq yaradılır. Məsələn 2014-cü ildən bəri Azərbaycanda qeyri-hökumət təşkilatlarının qeydiyyatı, xarici fondlardan maliyyələşməsi qanunvericiliyə edilən dəyişikliklər hesabına məhdudlaşdırılıb. Yaxud məhkəmələrdə nümayəndəlik institutunun ləğvi, Rəqabət Məcəlləsinin qəbul edilməməsi buna misal ola bilər. Ona görə də mən millət vəkili seçiləcəyim təqdirdə, ilk növbədə, Azərbaycanda insan hüquqları, demokratik azadlıqlar və vətəndaş cəmiyyətinə dair qanunvericiliyin yenidən dəyişdirilməsi, yəni Prezident Administrasiyasından gələn sifariş əsasında tətbiq edilmiş məhdudiyyətlərin ləğvini tələb edəcəm. Bundan başqa, Əsas İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyasının tələblərinin Azərbaycan qanunvericiliyi və icra hakimiyyəti orqanları tərəfindən pozulması halları baş verərsə, bununla bağlı Milli Məclisdə qaldıracam. Həmin faktın araşdırılması üçün Avropa Şurası Parlament Assambleyasına məktubla müraciət edəcəm. Bütün bunlar məsələnin hüquqi prosedurlarla bağlı tərəfidir. Amma deputat seçiləcəyim təqdirdə, Milli Məclisdə insan hüquqları probleminə dair qaldıracağım ilk məsələ siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılması olacaq. Mən bunu qanunverici orqandan tələb edəcəm. Acınacaqlı haldır ki, Azərbaycanda mənfi bir presedent yaradılıb. Siyasi məhbusların azadlığa buraxılması yalnız prezidentin səlahiyyətindədir. Prezident kimsəni əfv etməsə o istənilən qədər həbsdə qala bilər. Məncə bu mənfi ənənəyə son qoymağın vaxtı çoxdan çatıb. Milli Məclis siyasi məhbusların azadlığa buraxılması haqqında qərar çıxartmalı və bununla bağlı qanunvericiliyə zəruri olan bütün əlavə və dəyişiklikləri də etməlidir. Prezident icra hakimiyyətinin başçısı kimi bu qərarın həyata keçirlməsi məsələləri ilə məşğul ola bilər.
Avropa Şurası Parlament Assambleyasında təmsil olunsanız siyasi məhbuslarla bağlı tənqidlərə cavabınız nə olacaq?
– Əvvəlcə onu deyim ki, Azərbaycan hakimiyyəti bu məsələdə çox ehtiyatlı addım atır. Yəni AŞPA-ya tənqidləri cəmiyyətdən gizlədən, Azərbaycanda insan hüquqlarının, demokratik azadlıların tam təmin olunduğuna dair uydurmalarla Qərbi şantaj etməyi bacaran, Avropada deputatları rüşvətlə ələ almağa çalışan adamları göndərir. Bu mənada mənim kimi tənqidi mövqedən çıxış edən, vətəndaş cəmiyyətindən parlamentə gəlmiş bir şəxsin AŞPA-ya göndərilməsi hakimiyyətə sərf etmir. Çünki mən AŞPA-da təmsil olunacağım təqdirdə, haqqın, ədalətin, demokratik dəyərlərin yanında yer alacam. Yəni mən başqaları kimi tənqidlərə göz yumub problemləri gizlədə bilmərəm. O ki, qaldı, siyasi məhbuslarla bağlı məsələyə, Azərbaycan hakimiyyəti bu problemi aradan qaldırmasa, mən təbii ki, AŞPA-da bu mövzuda məruzə etmək üçün müraciət edərəm. Ən azı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi ilə əməkdaşlıq quraram. Eyni zamanda, bayaq dedidyim kimi nümayəndə heyətinə daxil olmasam belə, bir millət vəkili olaraq, AŞPA-ya ayrıca məktubla müraciət edərəm. Bu arada qeyd edim ki, yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. AŞPA Azərbaycan hakimiyyətinə müraciət edərək vətəndaş cəmiyyəti siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmağı və siyasi motivlərlə həbs olunanların hamısını azad etməyi xahiş edib. Bu bir daha təsdiq edir ki, siyasi hakimiyyət nə qədər inkar etsə də, Azərbaycanda siyasi məhbuslar var və bu məsələ öz aktuallığında qalır.
Polis orqanlarına nəzarət üçün əlavə qanuni mexanizmlər lazımdırmı?
– Əlbəttə. Azərbaycanda siyasi rejim polis zorakılığı üzərində qurulub. Artıq bütün demokratik Qərb dünyası, beynəlxalq təşkilatlar, eyni zamanda, xalqımız Azərbaycan polisinin zorakılığından və özbaşınalığından danışır. Bu gün Azərbaycan polisi özünün qanunvericiklə müəyyən edilmiş vəzifə səlahiyyətləri ilə məşğul olmur. Hüquq-mühafizə orqanı kimi polisin vəzifəsi, cinayıtkarlıqla mübarizə aparmaq, baş vermiş cinayət hallarının üstünü vaxtında və baş vermədən, yəni preventiv qaydada aşkar etməkdən, hüquqi pozuntuları aradan qaldırmaqdan  ibarətdir. Bütün bunlar isə ictimai asayişin qorunmasına xidmət etməlidir. Amma Azərbaycanın daxili işlər orqanları ictimai asayişin qorunması dedikdə müxalifətin mitinqini güc tətbiq etməklə dağıtmağı, jurnalsitləri döyüb-şərləyib həbs etməyi, insanlara siyasi əqidəsinə görə işgəncə verməyi başa düşür. Azərbaycan polisi qanuni səlahiyyətlərini icra etmək əvəzinə bu gün siyasətlə məşğuldur. Azərbaycan polisinin funksiyası hazırda Sovet “KQB”-sinin fəaliyyətinə bənzəyir. Bu çox acınacaqlı haldır. Ona görə də hesab edirəm ki, Milli Məclis “Polis Haqqında” qanuna yenidən  baxmalı, daxili işlər orqanlarının vəzifə və səlahiyyət bölgüsünü yenidən müəyənləşdirməldir. Polis hakim partiyanın dəyənəyi rolunu oynamamalı və siyasətlə məşğul olmamalıdır. Mən deputat seçilsəm bu barədə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklifini gündəmə gətirəcəm. Bundan başqa, işgəncə hallarına görə qanunvericiliklə hüquqi məsuliyyətin müəyyən edilməsi qaydaları sərtləşdirilməildir. Vətəndaşlara işgıncə verən, o cümlədən siyasi təzyiq məqsədilə fəallara, jurnalistlərə qarşı işgəncə, zor tətbiq edən polis əməkdaşları ağır cəza almalıdır. Cəza Azərbaycan qanunvericiliyində insanlığa qarşı cinayət kimi təsbit edilməlidir. Bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var və mən mandat sahibi olsam bunu parlamentdə qaldıracam.
Belə ki, “Polis Haqqında” Qanunun 10-cu maddəsinin 5-ci bəndinə dəyişiklik edilməli, polis oqranları yanında ictimai şuralar ləğv edilməlidir. Bu, həm büdəcəyə qənaət, həm də polis sisteminin müasir standartlara uyğunlaşdırlması baxımından çox vacibdir. Həmin şuralar Sovet “drujinniklərinin” funksiyasını yerinə yetirir və hakimiyyətin müxalifəti, fəalları, jurnalistləri təqib etməsi məqsədilə istifadə olunur.
Millət vəkili olacağınız halda İcra hakimiyyətinin ən ali şəxslərini parlamentdə sorğulamaq üçün dəvət etməyi düşünürsünüzmü?
– Yəqin ki, icra hakimiyyətinin ən ali şəxsləri dedikdə, söhbət prezident, baş nazir və Nazirlər Kabinetində yüksək vəzifə tutan şəxslərdən gedir. Təbii ki, hökumətin parlament qarşısında hesabatlılığı dövlət orqanlarının səmərəli fəaliyyətini təmin edən ən mühüm şərtlərdən biridir. Ancaq biz başqa ölkələrdən fərqli olaraq, Azərbaycan təcrübəsində bunu görmürük. Hər ilin sonunda baş nazir, maliyyə naziri, Mərkəzi Bankın İdarə Heyətinin sədri yekun hesabatla çıxış edir. Amma bunlar Prezident Administrasiyası ilə əvvəlcədən razılaşdırılmış qaydada hazırlanır. Deputatlar isə tribunada səslənən çıxışı demək olar ki, heç dinləmirlər də. Hətta bəziləri mürgüləyərək, vaxtın keçməsini gözləyir. Bu ənənəni dəyişmək lazımdır. Əvvəla, ali icra hakimiyyətinin rəhbərliyində təmsil olunan bütün şəxslərin parlament qarşısında hesabatlılığı məsələsi qanunvericiliklə yenidən müəyyən edilməlidir. Ali qanunverici orqan, eləcə də hər bir deputat istər prezidenti, istər baş naziri, yaxud da naziri bu və ya digər məsələlərlə bağlı istənilən vaxt parlament qarşısında hesabat xarakterli çıxış etməyə dəvət etmək hüququna malik olmalıdır. Bu, vəzifəli şəxslərin gəlir deklorasiyası, yaxud özlərinin və rəhbərlik etdikləri orqanın adının korrupsiyada, cinayətdə, işgəncədə, insan haqlarının pozulması faktlarında çəkilməsi ilə bağlı ola bilər. Eyni zamanda, hesab edirəm ki, hesabatlılıqdan yayınmağa görə icra hakimiyyəti orqanının rəhbər vəzifəli şəxslərinə  qarşı hüquqi məsuliyyət müəyyən edilməlidir.
Qeyd edək ki, Elçin Məmməd 2005 və 2010-cu illərdə elə bu dairədən deputatlığa namizəd olub. 2005-ci ildə Milli Məclisə keçirilmiş seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin nəticələri ləğv edilib. 2006-cı ilə bu seçki dairəsində keçirilmiş təkrar seçkilərdə əsassız ittihamlarla hüquq müdafiəçisinin namizədliyi qeydə alınmayıb. 2010-cu il seçkilərində də Elçin Məmmədin namizədliyi qeydə alınmayıb və seçki gününə 3 gün qalmış Ali Məhkəmənin qərarı ilə namizədliyi rəsmən təsdiqlənib.
Səbinə MƏMMƏDLİ

34678.111314

Bu yazını paylaş

Əvəz Zeynallı: “Dünyada bunun kimi gözəl, maraqlı, baməzə iddia ərizəsi yoxdur”

Next Story »

Vaqif Əliyevlə Kərim Quliyev Kulevi terminalından qanunsuz neft satırdılar – SENSASİON FAKTLAR

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.