• Baxış sayı 224

Keçmiş ədliyyə polkovniki Sumqayıtın icra başçısı Zakir Fərəcovdan yazdı – Onu akula imperator adlandırırlar.

Azernaycanrealligi.com xəbər verir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qanunsuz və qeyri-etik fəaliyyəti haqqında keçmiş ədliyyə polkovniki Mətləb Mütəllimli yazı dərc edib. Həmin yazının saytımızda işıqlandırılması üçün müraciət edib. Keçmiş ədliyyə polkovnikinin yazısını olduğu kimi dərc edirik

Z.Fərəcovun iş prinsipi belədir ki, malın-mülkün əlindən alınsa da susmalısan, əks halda, malınla, pulunla bərabər azadlığını, həyatını da itirə
bilərsən. Necə ki, belə hadisə iş adamı Ruslan Allahverdiyevlə baş verib. İki il bundan əvvəl Sumqayıt şəhərinin girişinin, dəniz bulvarının abadlaşdırılmasında iştirak edən, lakin halal pulunu ala bilməyən iş adamları Prezident aparatının qarşısına gedərək Z.Fərəcovdan şikayət ediblər. Daha sonra iş adamları Sumqayıta çağrılaraq pullarının veriləcəyi vəd edilir. İş adamları da sevincək Sumqayıt şəhər icra hakimiyyətinə özlərini çatdırıblar və pul əvəzinə… borcunu istəyən Ruslan Allahverdiyev polis tərəfindən həbs edilir. Zərər çəkmiş 11 iş adamı…

Sumqayıt şəhərində Z.Fərəcov tərəfindən haqqı tapdalanan, müflisləşən iş adamlarının sayı hesabi yoxdur. Onlardan şəhərin abadlaşmasına vəsait xərcləyən təkcə 11 nəfər zərərçəkmişə Z.Fərəcovun verməli olduğu borc—iki milyon manatdan artıqdır.Sumqayıtda abadlıq işləri düz 2 il bundan qabaq başa çatıb, iş adamlarının pulu isə hələ də verilib qurtarmır. Z.Fərəcovun verəcəyi isə 8 milyon manatdır, onun öz sərvətlərinin dəyərinin milyonda biri qədər…

Buxarlanan pullar…

Qeyd etdiyimiz kimi, son 3 il müddətində Sumqayıt şəhərinin abadlaşmasına prezidentin ehtiyat fondundan 50 milyon manatdan artıq vəsait ayrılmışdır. Bu vəsaitin üstünə sahibkarlardan zorla alınan pullar da əlavə edilsə, bu—100 milyonlarla manat pul deməkdir.Bu qədər pulun müqabilində Z.Fərəcova orden qazandıran bu layihəni həyata keçirən iş adamlarının 8 milyon manat borcunu vermək nə böyük işdir ki?
Burda bir haşiyə də çıxıb bildirim ki, Z.Fərəcovun hikkəsinin, tamahının qurbanı olan, günahsız həbsdə yatan iş adamı M.Verdiyev prezidentə müraciətində belə bir fakt açıqlayır ki, “…növbəti dəfə Sumqayıt şəhərinə 14 milyon manat pul ayrılanda mən Z.Fərəcovun yanına getdim , iş adamlarının borclarını vermək üçün yaxşı imkan yarandığını” dedim. İcra başçısı da açıq dedi ki, “Milyonların ayrılması sərəncamda elədir, əslində o pullar bizə gəlib çatmır, mən hamısını öz cibimdən verirəm” Doğrudan da, əgər, o pullar rayonlara, şəhərlərə, o cümlədən, Sumqayıt şəhərinə konkret işlərin görülməsi üçün ayrılırsa və ünvanına gedib çatmırsa, onda hara buxarlanır? Hər halda, prezident bu rüsvayçı, rüsvayçı olduğu qədər də dəhşətli cinayətə qısa zamanda aydınlıq gətirməmiş olmaz. Axı, burda söhbət ən yüksək vəzifə eşalonunda yerləşən yekə məmurların aqır cinayətindən, dövlət büdcəsindən oğurlanan milyardlardan gedir…

Gəlinin iki adaqlısı…

Adətən, biz eşitmişik ki, bir qadını iki nəfər istəyəndə “ Məşdi İbad”da olduğu kimi, deyirlər “Gəlinin iki adaqlısı var.” Biz bunu çox, lap çox eşitmişik. Amma, di gəl ki, heç vaxt eşitməmişik, 1 rayonun 2 icra başçısı olsun. Bəli, bəli, düz eşitdiniz-Abşeron rayonunun və Sumqayıt şəhərinin hər ikisinin başçısı…Zakir Fərəcovdur. Daha dəqiqi, Sumqayıt şəhərinin rəsmi, Abşeron rayonunun isə qeyri-rəsmi ağasıdır. Doğrudur, hal-hazırda Abşeron rayonunun rəsmi icra başçısı başqa adamdır. Əslində isə, rayonun sahibi– bacısı oğlu M.Həsənovu başçının birinci müavini təyin etdirən Z.Fərəcovdur. Belə olduqda, təbii ki, Abşeron rayonunun torpaqlarının satışına qərar da Sumqayıtdan gəlir, Abşeronda yerləşən daş karxanalarına nəzarət də Fərəcovlara məxsusdur və s.

“Yazırsa, basın içəri…” 

Z.Fərəcovun saysız hesabsız qanunsuz əməlləri, özbaşınalıqları, təkcə onun tabeliyində olan Sumqayıtla, Abşeron rayonu ilə məhdudlaşsa idi nə var idi ki? O, hətta, cürət edib onu tənqid edən mətbu orqanlarını da təqib edir, bütün vasitələrlə susdurmağa, birdəfəlik, tam sıradan çıxarmağa çalışır. Z.Fərəcovun qanunsuz fəaliyyətini tənqid edən mətbu orqanlardan biri də “Reallıq.info” saytıdr. Bu sayt uzun müddətdir ki, Z.Fərəcovdan yazır, onun fəaliyyətindəki bir çox neqativ halları mütəmadi olaraq işıqlandırır. Gözləmək olardı ki, tənqid olunan tərəf tənqiddən düzgün nəticə çıxaracaq, səhvlərini düzəldəcəkdir. Belə şeymi olar, əlhəzarət pulun temperaturu heç buna imkan verərmi? Deməlı, çıxış yolu belə mətbu orqanları susdurmaqdır, susdurulur da. Z.Fərəcovun birbaşa sifarişi ilə saytın baş redaktoru İkram Rəhimov tutulur, Sumqayıt polisində döyülür, işgəncələrə məruz qalır , Sumqayıt şəhər məhkəməsi tərəfindən əsassız olaraq bir il azadlıqdan məhrum edilir. O, birinci müavininin vasitəsi ilə daim bəyan edir ki, “Məndən yazanların, o cümlədən, baş redaktor İkram Rəhimovun axırına çıxacam.” Yeri gəlmişkən, Z.Fərəcovun qulbeçələri bu yazının müəllifini də unutmayıblar, ona da çoxlu hədə qorxu mesajları göndəriblər, hesab çəkəcəkləri ilə hədələyiblər. Mən inanmıram ki, bu onun birbaşa göstərişidir. Bununla belə , o qulbeçələrini yığışdırmalı, insanları ölümlə, zindanla hədələməkdən çəkinməlidir. Bir də ki, biz pis- yaxşı yaşamışıq,bizim ölümümüz elə də böyük faciə deyil, amma, ən yaxın əzizinin ölümü , bax bu, ona ömürlük faciə ola bilər.

“ Boğazını kəsəcəm…” 

Növbəti qurban Azerbaycanrealligi.com saytının baş redaktoru Dəyanət Babayev olub. Hadisə Bakı şəhərinin Nərimanov rayonunda baş verib. Hər yerə əli çatan Z.Fərəcovun qoçuları əllərindəki bıçağı baş redaktorun xirtdəyinə dirəyərək boğazını kəsmək istəyib, ondan təcili Z.Fərəcov haqqında saytda olan yazını silməyi tələb ediblər. Canının qorxusundan qoçulara söz verən baş redaktor onların əlindən qurtulan kimi haray salıb, insanları köməyə çağırıb. Hadisə günün günorta çağı, millətin gözləri qarşısında, Afrikada–Cibutidə yox, YAP-ın analoqsuz hesab etdiyi ölkədə–Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində baş verib.

“ İmperator ”

Bir gün fars hökmdarı Keykavusa xəbər çatır ki,onun saray hakimi rüşvət alır. Araşdırır və deyilənlər təsdiqini tapır. Hökmdar o hakimin dərisini soydurub kresloya çəkdirir, onun oğlunu da o kresloda əyləşdirib deyir ki, “ Hər dəfə hökm çıxaranda yadına sal ki, sən nəyin üstündə oturmusan.” Bu ibrətamiz hekayədən indi sizə məlum oldumu, yüzlərlə fərəcovlar niyə xalqa belə meydan sulayır, insanlara ləyaqətlə xidmət etmək əvəzinə günahsız insanları zindanlara doldurur, büdcəni talayır,bədbəxt sahibkarların diri- diri dərisini soyur? Bəli, düz tapdınız, belə xaosda, qatı ağır cinayətlərin baş verməsində yuxarıların da birbaşa marağı vardır.Əks halda, belə başabəla “xidmətçi”lər haqqında vaxtında qəti, sərt ölçü götürülər və onlar ömürləri boyu belə qələt etməzlər. Cəzasızlıq mühiti dövlət məmurlarını daha da şirnikdirir, daha ağır, daha ağlasığmaz cinayətlərə gedirlər.Pul çoxaldıqca onların iştahası da çoxalır , Z.Fərəcov kimi şahlıq iddiasına düşürlər. İnanmazsınız, amma, bu faktdır ki, Z.Fərəcovun ən yaxınlarından, deyilənə görə , pul yığanlarından hesab olunan, Sumqayıt şəhər Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov hər yerdə onu prezident kimi təbliğ edir, çəkinmədən və qürurla “ Mənim prezidentim Zakir Fərəcovdur” deyir. Z.Fərəcov təkcə iki ərazi vahidində xanlıq etmir,yüksək vəzifələrə, o cümlədən, rayonlara icra başçıları da təyin etdirir, şimal bölgəsinə “ağsaqqallıq” edir. Heç də təsadüfi deyil ki, onun nəzarəti altında olan rayon icra başçıları onu “İmperator” adlandırırlar. Lakin, bu “Akula”, İmperator” adı qazanan şəxsin əli nə qədər uzun olsa da özünü Bakı şəhərinin meri təyin etdirə bilmir. Ən azından ona görə ki, prezident İ.Əliyev onun hansı yuvanın quşu olduğunu hamıdan yaxşı bilir.

İstintağa izahatdan çıxarış…

Bəlkə də bu yazını çoxdan bitirmək lazım idi, nədənsə, bağırsaq kimi uzandıqca uzandı. Amma, Z.Fərəcovun qanunsuz əməllərinin sayı o qədər çoxdur ki, yazmaqla bitməz, danışmaqla tükənməz. Bütün hallarda yazını artıq burda yekunlaşdırıram, son sözü də Sumqayıtı abadlaşdıran, şəhərin girişini, dənizkənarı bulvarını qısa müddətdə gözəlləşdirən, mükafat əvəzinə zindanda son sözünü gözləyən iş adamı Müqayis Verdiyevin istintaqa verdiyi izahatdan çıxarışla bitirirəm: “ Mən Cənab Prezidentin apardığı daxili siyasətə, islahatlara, iş adamlarına verdiyi dəyərə inanıram. İnanıram ki, belə məmur hegemonluğuna son qoyulacaq və mənim kimi öz dövlətinə, xalqına xidmət edən iş adamlarının haqları özlərinə qaytarılacaq, hüquqları tam bərpa olunacaq. Ümid edirəm ki, Zakir Fərəcovun yatmış vicdanı bir gün oyanacaq, özünü danlayacaq. Doymayan nəfsi doyacaq, tükənməyən ehtiyacı bir gün tükənəcək, var dövlətə olan hərisliyi bir gün sönəcək və ondan haqlarını tələb edənlərin haqlarını özlərinə qaytaracaq. Bu ümidlərlə yaşayıram və mübarizəmi davam etdirirəm. Bilirəm ki, Uca olan Allah heç kəsin haqqını heç kəsdə qoymaz. Nəmrud da bir zamanlar bu cür sahiblik iddiasında tüğyan edirdi. Allah ona bir milçəyi müsəlləd etdi. Milçək onun burnundan girərək beyninə çatdı və balaca milçək onu məhv elədi. Mən belə bir aqibəti ona arzulamıram. İnşallah ki, öz səhvini başa düşər. Adil və Faiq kimilərin təsiri altından çıxıb öz xalqına xidmət edər, haqqını tələb edənlərin haqlarını özlərinə qaytarar, verdiyi sözlərə, vədlərə, əhdinə əməl edər. Çünki biz kişiliyi belə bilirik və kişinin dediyi sözə inanırıq.Yoxsa,onun mənim üçün dediyi- “Onu həbsxanada məhv etdirəcəm”-sözü onun yerində olmadığına bir daha sübutdur. İnanıram və belə də inanmaq istəyirəm ki,belə bir vəzifə sahibi bundan başqa cür hərəkət etsin.Bizə kişiliyi belə öyrədiblər və biz kişinin dediyi “Qardaş “ sözünə etimad edirik. Bunun əksini görmək və bilmək istəmirik. Çünki, bu cür yalançılıq, əhdə vəfasızlıq, kəsilən çörəyə dəyər verməmək namərdlərə məxsus olan ən pis xüsusiyyətlərdəndir. Mən, Müqayis Verdiyev bu yazı vasitəsi ilə Sumqayıtda mənimlə işləyən iş adamlarına müraciət edərək bildirirəm ki, siz özünüz də bilirsiniz ki, sizə kim borcludur, kim sizin vəsaitlərinizi ödəməlidir. Bu vəsaiti ödəmək isə Zakir Fərəcovun öhdəsindədir.” Bizim isə öhdəmizə düşən son vəzifə – bu törədilənlərə qiymət verməli olan Azərbaycan Respublikasının prezidentinə Açıq Məktubla müraciətdir. Bəli, mən əvvəlcədən bilirəm ki,indiki hakimiyyət bu yazılanlara lazımı diqqət verməyəcək, öz çörək ağaclarını kəsmək istəməyəcək. Amma, cənab Z.Fərəcov heç vaxt unutmamalıdır ki, vaxt gələcək, bu yazılanlar onun ittiham aktının tərkib hissəsi olacaqdır. Əgər, müraciətimizə uyğun olaraq Azərbaycan Respublikasının prezidenti İ.Əliyev müstəqil təhqiqat komissiyası yaratmaq təklifimizi qəbul etsə və bizim fəaliyyətimizə obyektiv şərait yaratsa, onda tabeliyində olanların hansı dəhşətli cinayətləri törətdiyinin bir daha şahidi olacaqdır. Biz bunu sübut etsək, prezident bu cinayətlərin qarşısını vaxtında almağa borclu olan generallara hansı cəzanı verərsə, öz işidir. Yox, əgər, sübut edə bilməsək, onda mən “ Ədliyyə polkovniki” rütbəmdən imtina edəcəyəm.

Bu yazını paylaş

Tanınmış jurnalistin həyatına təhlükə var.

Next Story »

Hüquq müdafiəçisi Oktay Gulaliyevə qarşı çıxanların hamısı hakimiyyət tərəfindən idarə olunurlar

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.