Sahibkarlar Mikayıl Cabbarova və Kamran Əliyevə müraciət etdi

Zakir Fərəcovun oğlu, Nizami rayon prokurorunun  müavini Pərviz  Fərəcovun “PASEYDON”  RESTORANI

 

Zakir Fərəcovun müavini Gündüz Əliyevin TENNİS  KORTU  

 

 

İqtisadiyyat  naziri cənab Mikayıl Cabbarova

Baş prokuror   yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin rəisi  cənab  Kamran Əliyevə

 

Cənablar !

 

Son günlər  Sumqayıt  şəhər icra hakimiyyətinin tender komissiyası ilə bağlı  ölkə mediasında ciddi tənqidi materiallar  yayılır.

Mediada yayılan məlumatlardan bəlli olur ki, aprelin 18-də  Sumqayıt şəhər İcra Hakimiyyətinin tender komissiyası   “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93253 manat), elektrik avadanlıq (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.

388 min 688 manat dəyərində tenderin qalibi olan “Vertex Marketing” və “Bertfon SS” şirktləri 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınıblar.

Hər iki şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 13 mkr, ev 47, m 18-dir. Nizamnamə kapitalları isə cəmi 10 manatdır.

 

Cənablar !

 

“Dövlət Satınalmaları Haqqında” Qanunun 25-ci maddəsinin 1-ci bəndində  qeyd olunur ki, “Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü əvvəl elan olunmalıdır”.

Maraqlıdır ki, 18.03.2020-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətlər cəmi bir ay sonra 18.04.2020-ci il tarixində NECƏ tenderin qalibi elan olunublar ?

Təzəcə təsis olunmuş şirkətlərin hansı ixtisas göstəricilərindən, peşəkarlığından, təcrübəsindən, texniki, maliyyə imkanlarından, idarəetmə səriştəsindən danışmaq olar ?

Ortada ciddi cinayət əməlinin olması açıq görünür.

Bu azmış kimi,  tikintisinə  12 milyon manat xərc çəkilmiş Sumqayıt  Dənizkənarı Bulvarının inşaasında iştirak etmiş  və bugünədək cənab Zakir Fərəcovdan milyonlarla halal  pullarını ala bilməyən sahibkarların NUH.az-a müraciətində daha ciddi neqativ halların olması bəlli olur.

 

Cənablar !

 

3 ildən çoxdur  gördükləri işin müqabilində milyonlarla manat pullarını ala bilməyən iş adamları qeyd edir ki,
hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə dair tenderin “qalibi” olmuş “Konstraksion Texnoloji” MMC-yə köçürülüb. Halbuki sözügedən işləri “A.V. Construction” şirkəti reallaşdırıb.

Sahibkarlar qeyd edir ki, bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır:”Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik”.

 

İş adamları bildirir ki, “Kontraksion Texnoloji” MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır:

“Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adamlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanlarıdır. Bulvarın tikintisinə ayrılan əlavə 3,7 milyon manat bu şirkət vasitəsilə “nağdlaşdırılıb”.

Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib”.

Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib.

“Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi “otkat”la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır.

 

Cənab Nazir !

 

Cənab Rəis !

 

İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb.

 

“Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib”.

Pulun digər qismini isə Zakir Fərəcov elə həmin bulvarda restoran inşa etdirib.

 

“PASEYDON” adlı həmin restoran isə icra başçısının oğlunun adına sənədləşdirilib. “Zakir Fərəcov “PASEYDON” restoranını bulvarın tikintisinə ayrılmış pulla inşa etdirib. Elə həmin restoranı kənar şəxsin deyil, oğlunun adına edib. Restoranın sahibi Pərviz Fərəcovun bizneslə məşğul olması isə qanunla qadağandır. Belə ki, o, hal-hazırda Nizami rayon prokurorunun müavini işləyir. Qanunda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında çalışan şəxslər bizneslə məşğul ola bilməzlər və qanun bunu qadağan edir. Təbii ki, Zakir Fərəcov üçün qanun deyilən bir şey yoxdur. Onun üçün qanun günahsız insanları hədələmək, tutdurmaq üçündür. Qanun onun üçün tualet kağızı qədər əhəmiyyətli və dəyərli deyil. Əgər Zakir Fərəcov qanun bilsəydi, qanuna tabe olsaydı nə bizim pulumuzu verməkdən imtina edərdi, nə ayrılmış 3,7 milyon manatı mənimsəməzdi, nə də saysız-hesabsız qanunsuzluqlara imza atmazdı”.

 İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. “Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur”.

 

Müraciətin sonunda sahibkarlar iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovdan və Baş prokuror   yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinin rəisi  cənab  Kamran Əliyevdən xahiş edirlər ki, müraciətdə qeyd olunan bütün faktlar müvafiq dövlət qurumları tərəfiondən araşdırılsın və hüquqi qiymət verilsin.

 

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.  NUH.az 

 

Bu yazını paylaş

İCRA BAŞÇISI İLƏ MÜAVİNİ 3,7 MİLYON MANATI HARA XƏRCLƏYİBLƏR?

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.