• Baxış sayı 120

Söyüşə görə həbs olunan AXCP üzvləri onlara şər atıldığını söyləyiblər

”Avropa Məhkəməsinə şikayət verəcəyik”

Martın 6-da Bakı Apelyasiya Məhkəməsində 15 sutka inzibati həbs cəzası almış AXCP üzvlərinin şikayətinə baxılıb.

Həbs olunanlardan AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun şikayətinə hakim Habil Məmmədov, Gənclər Komitəsinin üzvü Məhərrəm Rzayevin şikayətinə hakim Əflatun Qasımov, partiyanın Nəsimi şöbəsinin fəalı Tofiq Məmmədovun şikayətinə isə hakim Qədim Babayev baxıb.

Məhkəmə proseslərində vəkil onların həbsinin qanunsuz və əsassız olduğunu söyləyib. Onlara münasibətdə həm yerli qanunvericiliyin tələbləri, həm də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (bu konvensiyada nəzərdə tutulmayan hallar istisna olmaqla, başqa məqsədlərlə cəzaya məruz qalmamaq hüququ) maddələri pozulub.

Vəkil AXCP üzvlərinin saxlandığı yerlərdəki kameraların görüntüləri və onların telefonla danışıqları barədə mobil operatorlardan çıxarışların alınması barədə vəsatətlər qaldırıb. Çünki saxlanılan AXCP üzvlərinin küçədə telefonla danışarkən söyüş söydüyü və buna görə ona irad bildirən polis əməkdaşına müqavimət göstərdiyi iddia olunur. Sənədlərdə onların ayrı-ayrılıqda, müxtəlif ərazilərdə tutulduğu yazılsa da, hamısına qarşı ittiham eynidir.

Vəkilin vəsatətləri təmin olunmayıb.

AXCP üzvləri məhkəmədə izahat verərkən bildiriblər ki, protokolda və 15 sutkalıq həbsləri haqda məhkəmə qərarlarında yazılanlar həqiqətə uyğun deyil. Onlar nə küçədə söyüş söyüblər, nə də polisə müqavimət göstəriblər. Cəbhəçilərin sözlərinə görə, onları evdən tutub aparıblar.

AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanov bildirib ki, o, saxlanılarkən xəstə olub. Evinə zəruri ərzaq almaqdan üçün, məcburiyyət qarşısında küçəyə çıxanda onu dərhal saxlayıb aparıblar. S.Qurbanov müdafiə hüququnun pozulduğunu, vəkillə təmin olunmadığını da vurğulayıb.

AXCP Nəsimi şöbəsinin üzvü Tofiq Məmmədov da heç bir inzibati xəta hadisəsi törətmədiyini bildirib. Hakim Qədim Babayev ona deyib ki, inzibati xətaya dair protokolda onun etirafı, bu barədə imzası var. T.Məmmədov cavabında deyib ki, o oxuyub-yazmağı bacarmır, əvəzinə polislərin özləri imza atıb.

Gənclər Komitəsinin üzvü Məhərrəm Rzayev də heç bir pozuntuya yol vermədiyini, protokola təzyiq altında imza atdığını söyləyib.

Apelyasiya şikayətlərinin heç biri təmin olunmayıb.

Həbsdə olan AXCP üzvlərinin yaxınları Meydan TV-yə bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət edəcəklər.(meydan.tv)

Bu yazını paylaş

”Vətənə xidmət üçün də rüşvət vermək lazımdır?”

Next Story »

Əbülfəz Sadıqlı məhkəmə zalından azadlığa buraxılıb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.