• Baxış sayı 169

Tək enerji sektoru yox, bütövlükdə ölkə çökür və onu İlham Əliyev çökdürür

Cəmil Həsənli
Milli Şuranın sədri

Ölkənin enerji sistemində fəlakət yaşanır. Mingəçevir elektrik stansiyasında bir-birinin ardınca baş vermiş qəza bütün ölkəni işıqsız qoydu. Yer altında yarıyolda dayanmış metro vaqonlarından insanlar həyəcan içində piyada yürüyərək çətinliklə stansiyalara çatdılar. Huşunu itirənlər, başı fırlananlar, ürəyi gedənlər oldu. Qəribə də olsa, ölkənin enerji sistemi çökəndə məlum oldu ki, Bakı metrosunun ehtiyat enerji bloku, ehtiyat enerji mənbəyi yoxdur. Elə bu yaxınlarda ötən əsrin 60-cı illəri ilə bağlı monoqrafiya üzərində işləyəndə aydın oldu ki, 1967-ci ildə Bakı metrosunun ilk stansiyaları istifadəyə veriləndə təhlükəsizlik məqsədi ilə metronun ehtiyat enerji bloku olub. 50 il sonra niyə yoxdur?

Tragikomik bir mənzərə yaranıb. Ölkənin enerji sistemi çökür, onun taleyinə məsul olan İlham Əliyev günahkar axtarır. Bu yarıtmaz kadrları yüksək vəzifələrə kim təyin edib? Ölkənin enerji sektorunda şaxələnmiş korrupsiyanı kim yaradıb? Məsələn, qəzanı araşdıran komissiya aydınlaşdıra bildimi, enerji sektoruna nəzarət edən Azenko şirkəti hansı yolla hakim ailənin nəzarətinə keçib? Araşdırmalar ortaya qoya bildimi xaricdə hakim ailəyə məxsus ofşor hesablardakı milyardların neçə faizi enerji sektorunun payına düşür? Niyə qonşu Türkiyədə 2 dəfə güclü olan modul stansiyalar Azərbaycan məmurlarının şişirdilmiş qiymətlərindən 2 dəfə aşağı alınıb? İlham Əliyevin yaratdığı komissiya bu sualları aydınlaşdıra bilməz. Çünki hamısı bir-birinin korrupsiya ortağıdır. Bu korrupsiya piramidasının başında da İlham Əliyev özü dayanır.

Ölkənin işığının sönməsi, enerji sektorunun bir saatın içində çökməsi də İlham Əliyevin “kalkulyatorlu prezident” olması ilə bağlıdır. Qalanları boş şöhbətlərdir. Bunların tamahının dibi yoxdur. Ölkəni fəlakətə sürükləyən də məhz hakim ailənin tamahıdır. Enerji sisteminin avtomatik idarəolunması üçün 80-100 milyon dollar vəsait xərclənib. Yəni haradasa qəza baş verəndə avtomatik olaraq qəzalı stansiya bloklanmalı, ölkənin enerji şəbəkəsi ehtiyat mənbələrə qoşulmalıdır. Baş vermədi, ölkəni qaranlıq bürüdü, adamlar metroda qaldı. Ona görə ki, enerji sektorunun həmin o avtomatik idarə olunması üçün ayrılmış pulları nazirli, prezidenli, hakim ailəli hamısı birlikdə basıb yeyiblər.

2010-cu ildə, 2012-ci ildə enerji böhranı yaşandı, sistem işləmədi. Tədbir görən olmadı. 2018-də isə bütün enerji sektoru tamam-kamal çökdü. Yaqub Eyyubov Rusiyadan işlənmiş, keyfiyyətsiz silahları aldığı, silahla bərabər “otqat” qatladığı kimi, burada da eyni üsulla hərəkət ediblər – ucuz qiymətə keyfiyyətsiz, yararsız avadanlıq alıblar. Necə Bombardior şirkəti ilə cinayət əlaqəsinə girib, dəmir yolunda qatarların hərəkətini tənzimləmək üçün təxminən 20 milyon dəyərində olan avadanlığı 105 milyona almışdılar, enerji sektorunda da belə işləyiblər. Sabah dəmir yol səbəkəsi çöksə, səbəb budur.

İlham Əliyev bu boyda fakta reaksiya vermədi, verə də bilməzdi; Beynəlxalq Bank çökdü, reaksiya vermədi, verə də bilməzdi; Müdafiə Nazirliyinin əyri yollarla ofşor hesablara milyonlar göndərdiyi aşkar oldu, reaksiya vermədi, verə də bilməzdi. Çünki bütün bu əyri işlərin başında bilavasitə özü, onun ailə üzvləri dayanır.

Prezidentin xəbəri olmadan necə Müdafiə, Müdafiə Sənayesi, Fövqəladə Hallar və keçmiş Milli Təhlükəsizlik nazirlikləri ofşorlara milyonlar göndərə bilərdi? Yalnız iki ildə ölkədən natəmiz yollarla3,9 milyard oğurluq pullar çıxarılıb. İlham Əliyev ortada olan fakta reaksiya vermirmirsə, deməli, özü və ailə üzvləri bu işin içindədir. Əgər əksini iddia edirsə, buyursun, izhatın versin, günahkarları, ölkənin sərvətini talayanları, büdcə talançılarını cəzalandırsın. Cəzalandırmadısa, deməli, özlərinə aiddir.

Sonuncu müşavirədə susması, bu boyda fəlakətdən sonra heç kəsə bir söz deyə bilməməsi bilavasitə bununla bağlıdır. Müşavirədə çıxış edən hər kəs qəzanın qarşısının alındığından danışır, vəziyyətin prezidentin nəzarətində olduğunu çıxış yolu kimi göstərirdi. Faciəlidir, çox faciəli. O müşavirədən sonra Mingəçevirdəki elektrik stansiyasında daha bir enerji bloku partladı. Vəziyyətin prezidentin nəzarətinə keçməsindən sonra bu, artıq ikinci partlayışdır. Bu adamlar heç nəyə qadir deyillər. Ölkənin enerji sektoru üçün ayrılan pulları dədə malı kimi basıb yeyiblər.

Sən demə Mingəçevir stansiyası öz ömrünü yaşayıb, avadanlıq çürüyüb, blokların bir-birinin ardınca partlayıb dağılmasından İlham Əliyev indi xəbər tutur. Adamdan soruşarlar, əgər sənin ölkəni enerji ilə təmin edən baza stansiyan sovetdənqalma avadanlıqla işləyirsə, hansı əsasla milyardlarla pulu Avropa Oyunlarına, “cəyirtkə” maşınlarının Bakıda şütüyüb əhalinin rahatlığını pozan Formula yarışlarına xərcələyirsin, Roma katakombalarını təmir edirsən, Müqəddəs Petka məbədin üzləyirsən…

Bu ölkədə dövlət adına görülən işlərin üzü Mercedes kimi parıldasa da, korrupsiyanın “bərəkətindən” içərisi Zaporojedir. Bu ölkə istidə nəfəsi çatmayan Zaporoje matoru ilə yerində sayır. Lakin məsələ burasındadır ki, tək enerji sektoru çökmür, bütövlükdə ölkə çökür, onu İlham Əliyev çökdürür, onun yarıtmaz siyasəti, korrupsiya şəbəkəsi çökdürür. İndi bütün ölkə Mingəçevir elektrik stansiyasının vəziyyətindədir, cənablar! Niyə bunu anlamaq istəmirsiniz?(azadliq.info)

Bu yazını paylaş

Mingəçevirdə ”Azərbaycan İES”də yenə yanğın olub

Next Story »

Həftəlik İcmal – Milli Şura vətəndaş qarşıdurmasının alovlanacağından narahatdır.

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *