• Baxış sayı 130

”Xəzərdə dalğanın hündürlüyü 9.3 metrdir”

Umayra Tağıyeva proqnozlarının özünü doğrultduğunu deyir

Xəzər dənizində dalğanın hündürlüyü 9.3 metr təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva “Report”-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti də məhz axşam saatlarında müşahidə olunub:

“Abşeron yarımadasında yerləşən hidrometeoroloji şəbəkədən gələn məlumatlara görə, küləyin maksimal sürəti saniyədə 40 metrə çatır. Müşahidə olunan hava şəraiti ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir”.

Umayra Tağıyeva sosial şəbəkələrdə aparılan müzakirələrə də öz münasibətini bildirib, deyib ki, onların proqnozları özünü doğruldub:

“Dünən xoş və anomal hava şəraiti var idi. Yanvar ayı üçün ənənəvi olmayan hava şəraiti müşahidə olunurdu. Bəzi yerlərdə temperatur 17-18 dərəcəyə kimi yüksəlmişdi. Bizim məqsədimiz ondan ibarət idi ki, əhali üçün hava şəraitinin çox kəskin dəyişməsi gözlənilməz olmasın. Artıq yanvarın 16-da Nazirlər Kabinetində ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı müşavirə keçirildi. Bütün dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verildi. Bununla da bütün dövlət təşkilatları havanın kəskin dəyişməsinə hazırlıqlı oldular. Hesab edirəm ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olduq. Bəzi suallar yaranır ki, məktəblərdə dərslər niyə dayandırıldı. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bizim vəzifəmiz ondan ibarətdir ki, gözlənilən hər hansı kəskin hava şəraiti haqqında, xüsusilə də ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında dövlət təşkilatlarını və əhalini məlumatlandıraq, baş verə biləcək fəsadları minimuma endirək. Artıq paytaxtda müəyyən fəsadlar müşahidə olunub, çox kəskin proses qeydə alınıb. Dövlət qurumları hazırlıqlı olduqlarını göstərdilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-18-də hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumat yaydıqdan sonra Təhsil Nazirliyi həmin günlərdə məktəb və bağçalarda tətil elan etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat yaydı.

Məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (meydan.tv)

Bu yazını paylaş

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib)

Next Story »

Əvəz Zeynallı: “Dünyada bunun kimi gözəl, maraqlı, baməzə iddia ərizəsi yoxdur”

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.