serverin.biz

ŞUŞASIZ 25 İL …


 
Bu Xəbər 2017-05-08 10:48:21 əlavə olunmuş və 274 dəfə baxılıb.

 

Sərdar ƏLİBƏYLİ

… VƏ BU 25 İLİN DƏRSLƏRİ…

– ETDİKLƏRİMİZ, ETMƏLİ OLUB, ETMƏDİKLƏRİMİZ !!!

 

Bu gün Şuşanın işğal günüdü. Düz 25 ildi ki, tarixin və taleyin hökmü ilə, bir millətin, bütöv bir ölkənin və xalqın simvoluna çevrilmiş, uşaqdan-böyüyə, bütün əhli-Azərbaycanın mənəviyyat və qeyrət qalası kimi qəbuı edib öydüyü və öyündüyü bu şəhər düşmən tapdağı altındadı, işğal edilib. Ötən bu 25 ildə hər dəfə Şuşadan söz düşəndə ancaq xəyanətdən danışılıb, satqınlıq mövzusu başa çəkilib və prezidentlərdən tutmuş taaa məktəb uşaqlarına qədər hər kəs, özündən savayı hamını və hər kəsi bu işğalda günahkar bilib, eləcə də kimin ağlına necə gəlib, ağzına necə düşübsə, eləcə də “n” qədər “xəyanətkar”ın, “xain”in və “satqın”ın adını hallandırıb, qarasınca danışıblar. Bir sözlə, bütün bu illər ərzində, bir tərəfdən “Şuşa işğal edilib” demişik, digər tərəfdən isə gah “Şuşa xəyanətin qurbanı olub”,  gah da “Şuşa satılıb” söyləmişik. Heç kim də bu  25 ildə fərqinə varmaq istəməyib ki, “işğal olunan bir şəhər ” satıla, “satılan bir şəhər” isə işğal oluna bilməzdi. Bu mənada, əlbəttə ki, daha böyük məsuliyyət də, cavabdehlik də hazırkı rəsmi təbliğatın üzərinə düşür. Çünki ötən 25 ilin ən azı 24-nü bu təbliğatın başında duranların zehniyyəti idarə edib. Hamıdan çox da, məhz bu təbliğat “xəyanət” və “satqınlıq”kimi məfhumlardan yararlanaraq 25 il öncə baş vetənlərə ayna tutmağa çalışıb…

Oysa, bu gün özümdə cəsarət tapıb, nəhayət ki, xalqa da, cəmiyyətə də, dövlət və qeyri-dövlət səviyyəsində bu işlərə məsul olan, bu haqda danışmaq və söz demək səlahiyyəti olan hər kəsə də belə bir sualla müraciət etmək istəyirəm. Cənablar, sizcə, bu 25 il yetmirmi ki, biz, ilk növbədə özümüz üçün aydınlaşdıra bilək ki, Şuşa düşmən tərəfindən işğal edilib, yoxsa biz millətimizin baş tacı, mənəviyyat və qeyrət simvolu olan bu şəhəri, ya satmışıq, ya da millətimizə və dövlətimizə xəyanət eliyərək düşmən tapdağına əta eləmişik. Məsələ burasındadır ki, indi bizim, istər iç siyasətimizdə, istərsə də beynəlxalq arenada Şuşa haqqında nə deməyimiz, necə danışmağımız, qarşı tərəflə danışıqlarda özümüzü necə aparacağımız, məhz  bu sualın cavabından çox asılıdır. Onsuz da, illərin ötəsində deyilənlər deyilib, yazılanlar yazılıb, çizilənlər çizilib və hər kəs də əmin olsun ki, cəmi 5-10 il də ötəcək və dünyanın bütün nüfuzlu təşkilatlarında bu yazılanlar və bu deyilənlər, istər rəsmi mənbə, istərsə də ciddi sübutlar və əks-arqumentlər kimi qarşımıza qoyulacaq. Ölkəyə illər uzunu rəhbərlik eləmiş prezidentlərin, parlament sədrlərinin, baş nazirlərin, generalların, çinli-çinsiz, titullu-titulsuz hərbçilərin  dilindən dəfələrlə bu fikirlər səslənib, syasət adamlarının bu barədə konkret fikirləri var, onlarla, yüzlərlə müəlliflərin yazdıqları kitablarda, elə bir elə də sənədli filmlərdə və televerilişlərdə bu istinadıar yer alıb və hamısı da, ya birbaşa, ya da dolayısı ilə Şuşanın satıldığını, və ya xəyanətin badına getdiyini iddia edən fikirlərlə doludur. Heç şübhəsiz ki, bu arada bunun əksini iddia edən fikirlər səsləndirilib, sözlər də deyilib, yazılar da yazılıb. Ancaq bunların da xeyli hissəsi sadəcə söz olmaqla qalıb, ya da ötən illər ərzində rəsmi təbliğatın əzici üstünlüyü şəraitində aradan çıxarılıb, məhv edilib, heç bir yerdə də qeydiyyata düşməyib.

Ən maraqlısı isə odur ki, bütün bu illər ərzində, sanki kimsənin ağlına da gəlməyib ki, Şuşanın necə qaytarılacağından, ya da qaytarıla biləcəyindən danışsın, planlar, layihələr ortaya qoyub, həyata keçirilməsində israr eləsin. Başqa sözlə, düz 25 ildir ki, bilərəkdən, ya da bilməyərəkdən düşmənin əlinə oynamışıq, öz şəxsi və siyasi ambisiyalarımız naminə, firqə maraqlarının təmin edilə bilməsi üçün, əslində hamılıqla, həm tarixi saxtalaşdırmağa xidmət eləmişik, həm də millətimizə xəyanət yolunda yürümüşük. Kim nə deyirsə, desin, biz qarşıdakı illərdə bunun bədəlini çox ağır itkilər bahasına ödəmək, fəsadlarına qatlaşmaq zorunda qalacağıq.  İndi mən də durub, bütün olanların üzərinə burdan kimlərisə yenidən ittiham eləmək, qınamaq fikrində deyiləm. Bir kərə olanlar olmuş zatən, necə ki, vəlvələdən və ya zəlzələdən, 25 ildir ki, Şuşa da, ərazilərimizin 20 faizi ilə bir yerdə, düşmənin əlinə keçib. Və bu arada, tək təvəqqəm də, xahişim də, lap belə istəsəniz, tələbim də odur ki, barı bundan sonra, qarşılıqlı ittihamlarla müşayiət olunan ritorikanı kardinal şəkildə dəyişib, Şuşamızı və düşmən tapdağında olan digər ərazilərimizi necə, və ya hansı yollarla qaytaracağımızdan, ya da qaytara biləcəyimizdən danışaq.

Bu, adını nə qoyuruqsa-qoyaq, bir-birimizi necə adlandırıqısa-adlandıraq, öz aramızda münasibətləri necə qururuqsa-quraq, bizim ümumi günahımız, ümumi suçumuzdu. İstər o torpaqları bizə miras qoymuş babalarımızın, dədələrimizin ruhları, istərsə də övladlarımızın, gələcək nəsillərin azad və xoşbəxt ölkədə yaşamaq haqqı bizim bu suçdan, bu günahdan qurtulmamızı tələb edir. Dədə-babalarımızın  yanına üzüqara getmək istəmiriksə, gələcək nəsillər də bizi lənətlə anmasın deyə, Şuşanın azadlığı, ərazilərimizin bütövlüyü, sərhədlərimizin toxunulmazlığı olmazsa olmaz şərtdi və boynumuzun borcudu. Və qəti əminəm ki, indiyədək bir-birimizi, hansı səbəb və ya səbəblərdən fərq etməz, xəyanətdə suçlamaq, satqınlıqda ittiham etmək və hələ də bu ittihamlara, suçlamalara davam etmək, bilincli şəkildə boyun borcumuz olanı həyata keçirməkdən yayınmaq məqsədi daşıyıb və bundan sonra da belə olacaq. Amma ömür yarıdan keçib artıq və hər ötən gün bizi, boynumuzun borcunu verə bilməkdən uzaqlaşdırmaqla bərabər, həm də əbədi lənətin ağuşuna itələməkdədir. Bu lənətdən qurtulmanın yolu Şuşanın azadlığından, Şuşanın azadlığı isə bizim, canımızın yanmasından və qanımızın axmasından keçir. Artıq 25 yaşına dolmuş dəliqanlılığımız səbəbindən atlan  daşların toplana bilməsi üçün ağlımızı başımıza top eləmənin zamanı gəlib. Gəlin xəyanət axtarmaqdan, xəyanətkar ifşa etməkdən nəhayət ki, vaz keçib, Şuşanın azadlığını və vicdanımızdaki ləkələrdən necə qurtulmağı düşünək.  

    

P.S.NOTA

ETİKETLER :
Şərhlər
Adınız :
E-Mail :
Başlıq :
Fikirləriniz :
Təhlükəsizlik kodu :
Dəğiştir  
Ümumi 0 şərh. Bütün şərhləri oxumaq üçün daxil olun.
Oxumaq İstəsəniz -Digər XƏBƏRLƏR xəbərləri

Köşe Yazarları
 ‹ 
 › 

Arxiv Axtarın
- -
Hökməlidə təcili torpaq sahəsi satılır.Ələqə nömrəsi 055-791-04-68
Sorğular
Saytimiz necedi xosunuza gelir?
Super
Eladi
Normal
Yenilensin
Ozonlaşdırılmış kosmetik vasitələr. Əlaqə: 051-417-86-04

yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberler
© Copyright 2013 yeni xeberler,xeber oxu,xeberler,maraqli xeberlerDiqqet!! saytda yayimlanan her bir melumatlara gore saytin sahibi mesuliyyet dasiyir m
GÜNDEM
SPOR
SİYASET
EĞİTİM
DÜNYA
2 3 4 5 6