• Baxış sayı 468

‘Dedilər, sənə hörmət edib bu maddəni veririk…’

Ə.Sadıqov

«Mənə dedilər ki, narahat olma, sənə hörmət eləyib, 531.1-lə rəsmiləşdiririk. Get, bir ay sən də dincəl, biz də…», – Azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqovnoyabrın 30-da məhkəmədə bildirib. Onun sözlərinə görə, Səbail Rayon Polis İdarəsində belə deyiblər.

Sosial mediada rəsmilərin ünvanına sərt ifadələri ilə tanınan Ə.Sadıqov noyabrın 27-də həbs olunub. Bu barədə Səbail Rayon Məhkəməsinin qərarında yazılıb ki, o, həmin gün Prezident Administrasiyasının qarşısında səs-küy salıb qaydaları pozduğuna görə polis əməkdaşı Bəhram Canbaxışov onu saxlayıb, gətirib idarəyə təhvil verib. Sonra da haqqında İnzibati Xətalar Məcəlləsinin 531.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə haqqında protokol tərtib olunub və məhkəmə ona 30 gün inzibati həbs cəzası verib. Bu qərardan apellyasiya şikayəti verilib.

Noyabrın 30-da məhkəmədə Ə.Sadıqov özü də, vəkili də deyib ki, həmin gün o, Prezident Administrasiyasının qarşısına həyat yoldaşı Sevinc Sadıqova ilə görüşmək üçün getmişdi. Həyat yoldaşı jurnalistdir və həmin vaxt orada etiraz edən adamlarla bağlı çəkiliş aparır, xəbər hazırlayırdı. Bu zaman bir neçə mülkigeyimli şəxs onu tutub zorla maşına mindirərək aparıb.

Bakı Apellyasiya Məhkəməsində vəsatət qaldırılıb ki, hadisənin şahidi olmuş S.Sadıqova, digər jurnalistlərdən Sevinc VaqifqızıNurlan Sarıyev şahid qismində dindirilsin, Prezident Administrasiyasının ətrafındakı videokameraların görüntülərinə baxış keçirilsin. Vəsatətlər təmin olunmayıb.

«Məni tutub idarəyə apardılar, təxminən yarımsaat ərzində protokol tərtib elədilər, 1-2 saata da məhkəmə keçirdilər. Məhkəmədə də hakimə dedim ki, düzdü, ədalətli qərar çıxarsanız, möcüzə olar, amma yenə də sizdən istəyim işə düzgün baxmağınızdır. Çünki Avropa Məhkəməsində artıq üç şikayətim var. Bu da dördüncü olmasın. Bundan əvvəl də şərlənmişəm, siyasi məhbus həyatı yaşamışam. Yenə də möcüzə baş vermədi və sifarişli qərar çıxarıldı», – Ə.Sadıqov çıxışında deyib.

Hakim Mirzəli Abbasov qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını, 30 günlük həbs qərarının qüvvədə saxlandığını elan edib.

Yaxınları AzadlıqRadiosuna bildirib ki, bu qərardan Avropa Məhkəməsinə şikayət veriləcək.

Xatırlatma

Əfqan Sadıqov uzunmüddətli həbs edilərkən 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə

ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, bu il mayın 23-də azadlığa çıxıb.

İyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs olunub. Ə.Sadıqov təkrar azadlığa çıxdıqdan sonra şərləndiyini və polisdə işgəncəyə məruz qaldığını iddia etmişdi. Amma o vaxt onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Nazirlik polisdə saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri ümumən təkzib edir. (azadliq.org)

Bu yazını paylaş

”FEODAL CƏZALANDIRMA ÜSULUNA SUSMAYAQ”

Next Story »

Avtomobilin vurduğu yol təmizləyən qadın ölüb

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.