• Baxış sayı 152

Jurnalist işgəncə şikayətinin araşdırılmamasından narazıdır

Azel.tv saytının təsisçisi və baş redaktoru Əfqan Sadıqov işgəncəyə məruz qalması barədə şikayətinin nəticəsiz qalmasından narazıdır. Bu barədə AzadlıqRadiosuna danışan jurnalistin sözlərinə görə, iyulda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona edilən təzyiqlərdən söhbət gedir.

Ə.Sadıqov iyulun 7-də səhər saat 9:15-də küçədə özü-özünə söyüş söyməkdə, onu intizama dəvət edən polis əməkdaşlarına tabe olmamaqda suçlanaraq, 30 sutka inzibati həbs cəzası kəsilmişdi. Jurnalist isə bildirirdi ki, onu Cəlilabad rayonunda valideynlərinin yaşadığı evdən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər, orada təzyiq altında küçədə söyüş söyməsi barədə izahat yazdırıb, protokolu imzalatdırıblar.

Jurnalistin 30 günlük həbsi ilə bağlı şikayət artıq Avropa Məhkəməsinə göndərilib.

«Mənə fiziki və mənəvi təzyiqlər oldu. Saytda, sosial şəbəkələrdə gedən yazılarımı, videoçıxışlarımı dayandırmağımı tələb edirdilər. Əvvəl dedilər ki, rəhbərlik sənə ağır cəza verməyi tapşırıb, ancaq sonra fikirlərini dəyişdilər. Dedilər, «hələlik bir ay, ancaq növbəti dəfə sənə bulaşsaq, çox ağır olacaq. Ailəni də təhlükə altına qoyursan. Prezidentlə, Ramil Usubovla nə işin var, onlar uşaqdır sənin üçün?». Başıma gələnlər barədə iki ay öncə prokurorluğa şikayət göndərmişəm, hələ də nəticə yoxdur», – Ə.Sadıqov deyir.

Baş Prokurorluqdan isə bildirilib ki. Ə.Sadıqovun müraciəti qeydə alınıb, araşdırılır. Araşdırmanın nəticəsi haqda ona məlumat veriləcək.

Ə.Sadıqov bundan öncə 2016-cı il noyabrın 22-də də həbs olunmuşdu. O zaman CM-in 127.2.3 (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsiylə – icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə suçlanaraq, Cəlilabad Rayon Məhkəməsinin hökmüylə 2 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəza müddətini bir il azaldıb və baş redaktor 2018-ci ilin mayında azadlığa buraxılıb.

Ə.Sadıqov həbsdə olduğu zaman – 2017-ci ilin dekabrında o zaman Cəlilabadın, hazırda isə paytaxtın Yasamal rayonunun icra başçısı olan Əziz Əzizovun ona qarşı diffamasiya haqqında cinayət iddiası bərpa edilib. O, rəhbərlik etdiyi saytda böhtan yaymaqda suçlanırdı. Redaktor bu ittihamı da qəbul etmirdi. Sonradan bu iddianın geri çəkildiyi açıqlandı.(azadliq.radiosu)

Bu yazını paylaş

”Narkoloji Mərkəzdə güclü dərmanların təsirindən oyana bilməyənlər yanıblar”

Next Story »

Demokratik diktator

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.