• Baxış sayı 217

SÖZÜM AZAD SÖZƏ VƏ MÜSTƏQİL MƏTBUATA DÜŞMƏN KƏSİLƏNLƏRƏDİR !!!

ÖLKƏDƏ BAŞ VERƏNLƏRİN GÜNAHKARI AZAD MƏTBUATI BOĞANLARDIR … !!!

 

—————————-

Ramiz TAĞIYEV

———————————

Ölkəmiz son bir neçə gün ərzində yelkənsiz gəmiyə bənzəyir. İnsanlarımızın da kimisi istidən, kimisi susuzluqdan, bəziləri də, bir an içərisində məmləkəti bürümüş zülmət qaranlığın gətirdiyi həyəcandan istiqaməti itirmiş kimi görünürlər. İnformasiyasızlıqdan doğan  təşviş, şayiələri elə sürətlə artırır ki, ölkə əhalisi kimə və nəyə inanacağını belə müəyyənləşdirməkdə acizdir. Fəaliyyətdə olan Kütləvi İnformasiya Vasitələrinin durumu isə daha faciəvidir. Onlar tərəfindən yayımlanan xəbərlərin əksəriyyəti bir-birini təkzib etdiyindən insanlar stress keçirir və günlər ötsə də, bu sahədəki başıpozuqluq hələ də dəyişməz qlmaqdadır. Bəli, inkaredilməz faktdır ki, Azərbaycan adlı ölkəmizdə heç bir telekanal və ya qəzet birbaşa hadisə yerindən informasiya toplamaq, yayımlamaq hüququna malik deyil. Jurnalistlərin üzünə müəssisə və idarələrin, orqan və təşkilatların qapısı çoxdan bağlanıb. Oralarda nələrin baş verdiyindən, işçilərin hansı şəraitdə çalışdığından, nə kimi hüquqlara malik olduqlarından tam məlumatsızlıqdır. Qəzetlərin, saytların yazdıqları, harınlamış məmurların qulağında milçək vızıltısı effektindən savayı heç nəyə yaramır.

Əslində isə, ölkəni idarə edənlər üçün ən dəyərli informasiya mənbəyi KİV-lər olmalıdır. Yoxsa, hansı məmur özü süründürməçi, zalım və ya rüşvətxor olduğu barədə səmimi etirafda bulunar? O da bir həqiqətdir ki, əlləri hər yerdən üzülmüş vətəndaşlar, elə həmin məmurların özləri də, sonunda KİV-lərə üz tutub, dərdlərini jurnalistlərlə bölüşürlər. Təbii ki, indi vətəndaşların dərd-sərini işıqlandırmağa qadir olan çox az sayda jurnalist qalıb. Ancaq ölkənin aparıcı mediası konumuna gətirilmiş median qurumlarını təmsil edən jurnalistlərin də özlərinə məxsus “dərd-sərləri” var axı… Havayı mənzil almaq rəqabəti onları astagəllik etməyə, “yuxarılara” xidmət müqabilində orden-medal almaq, fəxri adlarla təltif edilmək uğrunda mübarizəyə səfərbər edib. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyə vəsaiti alma bilmənin şərtləri isə,  bu tip media orqamları rəhbərlərini öz əməkdaşlarına əməlli-başlı senzura da tətbiq ediblər.

Ölkə əhalisi isə, bu  mətbuata inanmadığından, ayrılmış vəsait hesabına nəşr olunan qəzetlər makulaturadan savayı heç nəyə yaramır. Bu arada, hələ də mübarizə əzmini, peşə şərəfini qoruyan, həqiqətin yanında olan, siyasi konyukturadan uzaq duran azsaylı  jurnalistlərimiz, yaxşı ki var. Bu sırada Aydın Canıyevin,  Əvəz Zeynallının, Sərdar Əlibəylinin, Əfqan Sadıqovun, Dəyanət Babayevin adlarını xatırlatmaq istərdim. Təəssüf ki, onların da qarşısına daima sədd çəkilib, zaman-zaman həbsxana həyatı yaşamağa məhkum ediliblər. Bu gün də fəaliyyətlərini arzuladıqları səviyyədə qurmaq şəraitləri, imkanları məhduddur. Çeşidli maneə və qadağalara baxmayaraq tənqidi yazılara imza atmaqdan çəkinməsələr də, təəssüf ki, gerçək faktlara istinadən yazdıqları tənqidi məqalələr  belə, dövlət strukturları,  bütün səviyyələrdə yer alan, dövlət ərkanında oturan məmurlar tərəfindən diqqətə alınmır. Elə əksər bəlalarımızın səbəbi də bundan qaynaqlanır.

Kimsənin ölümünə və ya faciəsinə heç bir zaman sevinmədim. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilmiş sui-qəsdi də təqdir etməkdən çox uzağam. Bu heç də yaxşı ənənə deyil…

Ancaq, gəlin araşdıraq, E.Vəliyevin heçmi suçu olmayıb? Onun vətəndaşlara kobud münasibətindən azmı yazılmışdı. Kim diqqətə aldı? Daima demişəm və bu gün də təkrar edirəm, Milləti sevgiylə, sayğıyla idarə etmək lazımdı.Vətəndaşı alçaltmaq, onun qüruruna toxunmaq, hüquqlarını tapdalamaq olmaz… Edəcəksənsə, bir gün biri və ya bir milyonu vulkan kimi püskürüb , səni mütləq yandıracaq.

1

Elə bu günlərdə Prezident Administirasiyasının məsulu Vüsal İsayevin adı dələduzluqda hallanıb. Vətəndaşın 55 min manatını mənimsəməsi barədə məlumat yayılıb, bir neçə media orqanlarında faktlara əsaslanan yazılar yazılıb. Kimsənin tükü də tərpənmir. Nə gözləyirsiniz, “quyu”nun dibinə salınmış vətəndaş intiharmı etsin, ya da cinayətəmi əl atsın? Kim dinləməlidi, kim reaksiya verməlidi vətəndaşın naləsinə? Və yaxud, son günlər “ps-Nota” saytında sabiq millət vəkili , Baş Prokurorun sabiq müavini Mətləb Mütəllimlinin Sumqayıt İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun qanunsuz əməlləri barədə ciddi serial yazıları davam etməkdədir. Oxuduqca, mən bir vətəndaş kimi dəhşətə gəlirəm. Nələr baş verib, nələr baş verir ölkəmizdə? Qanunlar yalnız sıravi vətəndaşlara tətbiq edilməsi üçünmü yazılıb? …

Məndən deməsi, cənablar, baş verən faciələr hamı üçün bir xəbərdarlıq olmalıdı. Ölkənin sərvətlərini taladınız, yetmədimi? Onlarla villalara sahib oldunuz, yetmədimi? Yüzlərlə obyektləri mənimsədiniz, gözünüz doymadımı? Əzəli düşmənlərimiz ermənilərdən daha çox bu Vətənin torpaqlarını “işğal” altına almısınız, bəsiniz olmadımı? …

Hər şey sizin olsun, cənab iqtidardakılar, ancaq Millətin şərəfini, ləyaqətini, qeyrətini alçatmağa baş vurmayın !!! İnsanların azad yaşamasına şərait yaradın!!! Azad sözdən, azad mətbuatdan xoflanmayın!!! Azad söz, azad ifadə, müstəqil mətbuat boğulacaqsa, cinayətkarlar, zalımlar, quldurlar, korrupsioner və rüşvətxorlar rahat nəfəs alacaqlar, etdiklərindən daha artığını etməklə, Vətəni də, milləti də, dövləti də, hətta özlərini də fəlakətlərə sürükləməkdə davam edəcəklər! Elmar Vəliyevə atılan güllələr bunu bariz şəkildə sübut etdi və ümumiyyətlə son günlərdə yaşanan lar hamıya və hər kəsə dərs olmaml, hamımızı durmağa və hər birimizi düşünməyə vadar etməlidir. Bəlkə hələ də gec deyil.  Bunu da mən dedim…

“Milletim.info”

 

Bu yazını paylaş

BƏDƏNİNDƏ ERMƏNİ QƏLPƏSİ DAŞIYAN MƏHBUS HƏBSXANADA ÖLÜR -VİDEO, FOTO

Next Story »

Jurnalist Əfqan Sadıqov saxlanılıb

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.