• Baxış sayı 197

Leriklilər: Yaşadığımız kənddən köçmək məcburiyyətində qalmışıq

”Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub”

Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yaşadıqları ərazidən köçmək məcburiyyətində qalıblar. Buna səbəb kəndlərin susuz qalmasıdır.

Sakinlərin ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də dövlət qurumlarına ünvanladıqları müraciətdə belə deyilir.

49 nəfərin imzaladığı müraciətdə bildirilir ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın suyunu qonşu Şingədulan kəndinə, eləcə də icra başçısın müavini Habil Məlikovun kəndinə – Kürdəsərə aparırlar.

Sakinlər bir müddət əvvəl bu barədə Meydan TV-yə də şikayət etmişdilər.

Prezidentə ünvanlanan müraciətdə deyilir ki, iki məmur – Rövşən Bağırov və Qorxmaz Hüseynov bu kəndlərdən qisas alır. Bunun da səbəbi bu iki məmurla bağlı edilən şikayətlərdir:

“Artıq bir maşın su borusu gətirib Mulalan kəndində töküblər. Bu da onu göstərir ki, icra başçısı bizim suyu zorla aparmaq niyyətindədir. Bu zülmə son verin. Bizim Sizə və Prezident Adminstrasiyasına etdiyimiz müraciətlərə cavab verilmir. Bir neçə gün öncə Prezident Adminstrasiyasında rayonumuz üzrə kurator olan şəxs də Lerikə gəlib, amma bu qədər narazlıq və şikayətimizə baxmayaraq, bizimlə görüşməyib. Bizim məktublarımızı əngəlləyən kimdir? Rövşən Bağırovu belə himayə edən kimdir ki, bizim Sizə yazdığımız məktubları əngələyirlər? İzah edən də yoxdur ki, Rövşən Bağırovla Qorxmaz Hüseynovun bizimlə davası nədir? Nədir bu qərəzin və hikkənin səbəbi? Niyə daha böyük su hövzəsi və ehtiyatı olan Əvilə çayından su çəkmirlər? Niyə 4 km məsafədə olan “Şərətük” çayından su çəkmirlər?” – prezidentə ünvanlanan müraciətdə deyilir.

Kənd sakinləri deyiblər ki, bu su aparılacaqsa, onlar bu ərazilərdən köçmək məcburiyyətində qalacaqlar:

“Prezidentə yazmışıq ki, siz dəfələrlə məmurların vətəndaşları incitməməsi ilə bağlı tapşırıq vermisiniz. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Bizə deyirlər ki, yazmayın. Yaxşı, yazmırıq, dayanırıq. Onda siz də bizdən əl çəkin, suyumuza toxunmayın. Axı bu suyun getməsi 20 hektardan çox meşənin məhv olmasına gətirib çıxaracaq. Yaxşı, Ekologiya Nazirliyi niyə səsini çıxarmır? Nazirliyin rayon şöbəsinin müdiri deyir ki, Qorxmaz Hüseynovla Muxtar Babayev yaxın dostdur, artıq məsələ həll olunub. Yaxşı, bəs biz kimdən kömək istəyək? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir “dost şəbəkəsi” birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?”

Sakinlər deyiblər ki, ölkədə müraciət etmədikləri qurum qalmayıb, amma hələ də nəticə yoxdur. Onlar ölkə başçısında bu məsələyə əncam çəkməyi xahiş ediblər.

Biləvər kənd sakini İbrət Azadov məlumatı Toplum.Tv-yə təsdiqləyib. O deyib ki, dəfələrlə prezidentə və dövlət qurumlarına müraciət edilib, ancaq şikayətlərə reaksiya verilmir:

Rövşən Bağırov.

“İcra başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bizi susuz qoymaqda israrlıdırlar. Şingədulan kəndində üç su mənbəyi var. Bundan əlavə, kəndin yanından “Alaşar” çayı axır. Daha böyük su ehtiyatına malik Əvilə çayı da Şingədulandan uzaqda deyil. Amma icra başçısı və Qorxmaz Hüseynov israrla 15 km-lik məsafə olmasına baxmayaraq, suyu aparır və bizi susuz qoyurlar”.

İyunun 27-də rayon sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə gəliblər. Qurumdan bildiriblər ki, məsələ araşdırılır: “Həmin mənbəyə də, digər mənbələrə də baxış keçiririk. Hansı mənbə uyğun olsa, oradan su götürəcəyik”.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə Meydan TV-yə açıqlamasında bidirib ki, su dövlətə məxsudur:

“Su dövlətindir, kimə istəsə satar. Dövlətin ərazisindəki yeraltı və yerüstü sərvətlər dövlətə məxsusdur”.

Bu yazını paylaş

Saray sakinləri su probleminə görə yolu bağlayıblar

Məqaləyə şərh yazın

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.