• Baxış sayı 173

”Şəhid pulu qarşıma sipər kimi çəkilir”


Xocalıdan olan məcburi köçkün məmur laqeydliyindən gileylidir

Bakıdan 330 kilometr aralıda yerləşən Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində yaşayan şəhid ailəsi ağır durumundan gileylidir. Məmur laqeydliyi ağır şərtlər altında yaşayan Hacıyevlər ailəsinin son ümidlərini də kəsir.

“Biz 3 dəfə köçkün düşmüşük. Xankəndidən Xocalıya, oradan Ağdama, oradan da Gəncəyə köçkün düşdük. Gəncədən də bizi Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsindəki qaçqın şəhərciyinə köçürdülər. Çox ağır durumda yaşayırıq, bizə baxan yoxdur” – Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsindəki qaçqın şəhərciyində yerləşən 3 saylı evdə yaşayan Rahilə Rəşid qızı Hacıyeva belə deyir. Onun sözlərinə görə, dövlətin verdiyi müavinətlə dolana bilmirlər.

Xocalıda əsir düşdü, ermənilər başını kəsdilər

Rahilə Hacıyeva deyir ki, bir tərəfdən də, bank kreditləri, kreditlərin faizləri onun dolanışığını ağırlaşdırıb:

“Allahın o yardımı nədir, onu da vermirlər. 4 statusum var – ailəlikcə erməni əsirliyində olmuşuq. Əsirlikdə bizə zülm etdilər. Kəllə-beyin travması və çoxsaylı xəsarətlər almışam. Əsirlikdən azad ediləndən sonra 5 dəfə əməliyyat olunmuşam. 6 aydan bir Sosial Fond bizə putyovka verirdi. Ağcakəndə köçəndən sonra daha putyovka da verilmir. Müalicəyə getmirəm deyə gözlərim zəifləyir. Yoldaşım Vidadi Şəfa oğlu Mustafayev Xocalıda şəhid olub. Vidadi Qarabağ müharibəsindən əvvəl Əfqanıstanda döyüşmüşdü. Qarabağ uğrunda gedən döyüşlərdə də fərqlənirdi. Ermənilər də onun başına pul qoymuşdular. Xocalıda əsir düşdü, ermənilər başını kəsdilər. Xocalı haqda bütün kitablarda Vidadinin barəsində yazılıb. Oğlumla qızımı ermənilər öldürüb, özüm də Xocalı qaçqınıyam. 2-ci qrup əliləm, həm də şəhid ailəsiyəm. Bizə baxan yoxdur. Qonum-qonşuya yardım paylayırlar. Gedirəm, deyirlər ki, sənə düşmür. Vallah, səbəbini də bilmirəm nədir. Deyirlər, Gəncədə yaşamısız, yardımı Naftalandan bura köçürülənlərə veririk. Gəncədən gələnlərə yardım düşmür. Niyə düşmür, bunun səbəbini deyən yoxdur”.

Acınacaqlı vəziyyətdəyik

Rahilə Hacıyeva deyir ki, qızı Ayşən Vidadi qızı Mustafayeva da 2 uşaqla onun himayəsindədir:

“Yoldaşı ilə 3 il əvvəl ayrıldı. O vaxtdan qızım 2 övladı ilə mənimlə yaşayır. Gedirəm, deyirəm ki, heç olmasa qızıma çörəkpulu verin. Vermirlər. Hökumətin verdiyi 40 manat çörəkpulunu da qızıma çox görürlər. Məşğulluğa, sosiala da adını yazmırlar. Acınacaqlı vəziyyətdəyik. 2 nəvəm, qızımla yanımdadır. Danışıram, deyirlər ki, sən şəhid pulu alırsan. Hara gedirəm, şəhid pulu qarşıma sipər kimi çəkilir. 230 manat şəhid pulu və 40 manat çörəkpulu ilə dolana bilmirik”.

Ev verdilər, hamamı, tualeti yox idi

Rahilə Hacıyevanın sözlərindən belə aydın olur ki, büdcə vəsaiti hesabına qaçqınlar və məcburi köçkünlər üçün tikilən evlərin sanitar qovşaqları olmayıb:

“Bizə burada ev verdilər, amma evin hamamı, tualeti yox idi. Məcbur olub bankdan kredit alıb hamam, tualet tikmişik. Evi alandan sonra təmir elətdirmişik. Zəlzələdən sonra da ev uçub dağılır. Evin dağınıq yerlərinin şəkillərini dövlətə göndərmişəm. Gələn, araşdıran, bizimlə maraqlanan yoxdur. Gözləyirlər ev başımıza uçsun, ondan sonra gəlsinlər. Bir 2 otaqlı, quru divarlardan ibarət ev veriblər ki, yığışın, qalın içində. Burada xəstəxana yoxdur. Yazırıq, deyirlər ki, ev vermişik, oturun. Yol da dağılıb. Dəfələrlə dedim ki, kömək edin hamam tikim, yaxın gəlmədilər. Borca girib özümüz tikmişik. İndi də nə borcu verə bilirik, nə də dolana bilirik”.

Maaşım 130-150 manat olurdu, onu da kəsdilər

Rahilə Hacıyeva Goranboya köçürüləndən sonra Ağcakənd qəsəbəsində yerləşən Xocalı Mədəniyyət Evindəki kitabxanada işləyib. Onun sözlərinə görə, oradan da işdən çıxarılıb:

“Günlərin birində getdim ki, məni işdən çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, Mədəniyyət Nazirliyindən deyiblər, çıxarmışıq. Ondan 1 gün əvvəl məndən 100 manat istəyirdilər. Deyirdilər ki, nazirlikdən hər bir işçiyə görə 100 manat istəyirlər. Mən də demişdim ki, mənim 100 manatım yoxdur, nazirlik niyə şəhid ailəsindən 100 manat istəyir ki? Səhəri işə getdim, dedilər ki, səni işdən çıxarıblar. Dedilər, kim pulu veribsə, qalıb işləyir, verməyənləri də işdən çıxarıblar. Maaşım 130-150 manat olurdu, onu da kəsdilər. Müraciət də edirik, işlə təmin eləmirlər. 2 ildir ki, Məşğulluq İdarəsinə ərizə vermişəm. Qızımın da, özümün də adına anket açdırmışam. Gedirəm deyirlər, iş yoxdur”.

Goranboy Rayon İcra Hakimiyyətindən və Mədəniyyət Nazirliyindən Meydan TV-yə məsələnin araşdırılacağını bildiriblər.(meydan.tv)

Bu yazını paylaş

Moskvada Taleh Bağırzadənin tərəfdarı həbs edilib

Next Story »

Səfər Mehdiyevin Rəşad Babayevin və Rasim Əliyevin əməllərindən xəbəri varmı? – VIDEO

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.