HDD və SSD arasında olan fərq nədir?

4
HDD yoxsa SSD

Günümüzdə kompüter və notebook alanlar yaddaş qurğusu ilə bağlı seçim qarşısında qalırlar:  Hansı daha yaxşıdır? HDD və SSD arasında olan fərq nədir?

Əslində bu sualın birmənalı cavabı yoxdur, çünki hər ikisinin yerinə görə öz üstünlükləri var.  İstənilən halda performans və qiymət arasında seçim etmək lazım gələcək. Bu günkü məqaləmizdə biz hər iki yaddaş qurğusu haqqında ətraflı məlumat verəcəyik, onların müsbət və mənfi cəhətlərini sadalayacağıq. Siz onları müqayisə etməklə daha qətiyyətli seçim edəcəksiniz.

HDD – Hard Disk Drive

Hard Disk Drive, bizim dildə desək Sərt Disk Sürücüsü və ya qısa olaraq HDD 1953-cü ildə IBM şirkəti tərəfindən işlənib hazırlanmışdır. 1956-cı ildən etibarən texnologiya dünyasında geniş tətbiq olunur. HDD-də məlumatların saxlanması üçün bir və ya bir neçə sərt plastindən istifadə olunur. Bu plastinlər (maqnit disklər) alümin və ya şüşədən hazırlanır və səthlərinə ferromaqnit material çəkilir. HDD-nin maqnit diskləri ox ətrafında fırlanır, onlara fiziki olaraq toxunmayan xüsusi başlıq isə oxuma və yazma işini həyata keçirir.

HDD – Hard Disk Drive
HDD – Hard Disk Drive

Bir HDD-nin performansı onun fırlanan diskinin sürətindən (dəqiqədə fırlanmaların sayından) asılıdır. Fərdi kompüterlər üçün nəzərdə tutulan HDD-lərdə bu göstərici 5400, 5700, 5900, 7200 və 10000 RPM, notebook HDD-lərində 4200, 5400 və 7200 RPM, severlərin HDD-lərində isə bu 10000 və 15000 RPM-dir. HDD-də RPM sürəti nə qədər çox olarsa, oradan məlumatın oxunmasına sərf olunan zaman da qısa olacaq. Hazırda HDD-lərin əsas üstünlüyü onların istehsal xərclərinin aşağı olması və çox yaddaş tutumlu sərt disklərin ucuz satılmasıdır. HDD-lərin yaddaş tutumu isə durmadan artır. Bu gün müasir notebooklarda 1 TB-lıq hard diskin olması adi hal kimi qəbul edilir, fərdi kompüterlərdə isə 6 TB-a qədər yaddaş tutumu olan HDD-lərdən istifadə olunur. Kompüter və notebooklarda istifadə olunan HDD-lər qabarit ölçülərinə (müvafiq olaraq 3.5” və 2.5” ) görə də fərqlənir. HDD-lər üçün əsasən SATA interfeysi tətbiq edilir.

SSD – Solid State Drive

SSD, mikroçiplər üzərində realizə edilən və mexaniki olmayan yaddaş qurğusudur. Bir növ USB Flash Disk-lərə bənzəyən SSD-lər üç fərqli istiqamət üzrə inkişaf etdirilmişdir. Bunlar RAM-əsaslı (1950-lərdən etibarən), Flash-əsaslı (1989-cu ildən) və nisbətən yeni sayılan Enterprise Flash Drive (2008-dən bu yana) SSD-lərdir. Mexaniki hissələrdən ibarət olmadığına görə SSD-lər daha sürətli və yüksək performansa sahibdirlər.

HDD və SSD
HDD və SSD

HDD-lərin mexaniki başlığından fərqli olaraq SSD-lərdə oxuma və yazma əməliyyatlarını həyata keçirən kontroller adlı daxili prosessordur. Yüksək texnoloji parametrləri olan kontrollerin hesabına SSD-lərdə informasiyanın oxunması və yazılması çox sürətli həyata keçirilir. Hazırda oxuma və yazma üzrə bu göstərici saniyədə yüzlərlə MB-dır, gələcəkdə isə saniyədə minlərlə MB olacağı proqnozlaşdırılır. SSD-lərin sürətli olmasından başqa digər əsas üstünlükləri kimi daha az enerji işlətmələrini və kiçik qabarit ölçülərini göstərmək olar. Hazırda 3.5” və 2.5” yanaşı 1.8”-lik SSD-lər istehsal olunur. İnterfeys kimi SATA və mSATA istifadə olunur. SSD-lərin əsas mənfi cəhəti kimi onların baha olmasını göstərmək olar.

Müqayisə Cədvəli

Aşağıdakı cədvəldə isə HDD və SSD üçün müxtəlif parametrlər üzrə müqayisələr verilmişdir.

PARAMETR SSD (Solid State Drive) HDD (Hard Disk Drive)
Enerji Tələbatı 2 – 3 vatt 6 – 7 vatt
Qiymət 1 GB üçün 0.10 $ 1 GB üçün 0.06 $
Yaddaş 250GB – 1TB 500GB – 6TB
Bootup Müddəti 10-13 saniyə 30-40 saniyə
Küy Yoxdur Var
Vibrasiya Yoxdur Var
İstilik Cüzi Az
İmtina İntensivliyi 2 milyon saatdan bir 1.5 milyon saatdan bir
Ardıcıl Oxuma / Yazma Sürəti 500 – 550 MB/san 50 – 120 MB/san
İxtiyari Oxuma / Yazma Sürəti 20000 – 100000 IOPS 75 – 100 IOPS
Şifrələmə FDE FDE
Maqnetizmdən Təsirlənmə Qorunur Qorunmur

Cədvəldən də gördüyünüz kimi, əgər Sizi ilk növbədə daha yüksək performans maraqlandırırsa SSD, yox əgər daha münasib qiymət maraqlandırırsa, o zaman HDD-yə üstünlük verməyiniz məsləhət görülür.

Sonda məlumat üçün deyək ki, hazırda SSHD (Solid State Hybrid Drive) adlı yeni növ yaddaş qurğuları da istehsal olunur. SSHD yaddaş qurğuları HDD və SSD texnologiyalarının hibrid formasıdır.

PS: İllər ötdükcə cədvəldə qeyd edilən göstəricilər dəyişə bilər.

MilliByte

ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin