Neftçala sakini icra başçısından narazıdır: “Eşitmişəm, tikinti üçün 6 min manat istəyir”

“Qəbuluna gedirəm, özü gəlmir, müavinləri köməkçiləri vətəndaşlarla görüşürlər” “2007-ci ildə atam və nənəm Neftçalanın Heydər Əliyev prospekti 19C ünvanında mənim adıma 138 kvadratmetr torpaq sahəsi alıblar. İllərdir ki, yerli icra hakimiyyəti mənə öz torpağımda obyekt tikməyə icazə vermir”. Neftçala sakini Vasif Məcidzadə deyir. Onun sözlərinə görə, torpağın bütün sənədləri qaydasında olsa da, bir ildir ki, icra başçısı Mirhəsən Seyidovun qəbuluna düşə bilmir: “Ərazinin çıxarışı var, tikintinin layihəsi də hazırdır. Lakin başçı sərəncam vermir və səbəbini də əsaslandıran yoxdur. Torpağım elə bir yerdədir ki, sağımda da, solumda da obyektlər var. Birinci və sonuncu dəfə 2021-ci ildə icra başçısı Mirhəsən Seyidovun qəbulunda olmuşam. Məni xeyli sorğu-suala tutandan sonra demişdi ki, sənədlərinə baxılacaq, qanunsuz olsa, prokurorluğa verəcəyik. Üzərindən bir həftə keçəndən sonra məktub gəldi ki, torpaq sahəsinə görə dövlətə 15 il ərzində üst-üstə yığılmış 650 manat torpaqpulu borcu var. Borcu ödədim, üzərindən iki il keçib, yenə də sərəncam verilməyib. Üstəlik də, başçının qəbuluna düşə bilmirəm”. “Həftənin beşinci günləri guya vətəndaşlarla görüş keçirirlər. Ora gedirəm, başçı özü orada olmur. Müavinləri, köməkçiləri vətəndaşlarla görüşürlər. Şikayətlərə də qulaq asıb, yalandan “həll olunacaq” deyirlər. Camaatı yola verirlər. Sonuncu dəfə bu ilin mayında icra hakimiyyətinə getdim, yenə də başçı özü orada yox idi. Necə əsəbləşdimsə, əlimi zərbə ilə divara vurdum, barmağım sındı. Xəstəxanaya getdim, barmağıma gips qoyuldu”, – deyə o bildirib. Vasif Məcidzadə çıxış yolu tapmadığını və hara müraciət edəcəyini bilmir: “Mənə icra başçısı ilə görüş verilmir. Hamı da bir ağızdan deyir ki, sən orada pulsuz obyekt tikə bilməyəcəksən. Mən dərdimi kimə deməliyəm? Su idarəsinə, yoxsa işıq idarəsinə? Bundan öncəki icra başçısı İsmayıl Vəliyev də məni belə incitdi. Konkret pul istədi, vermədim. Tikə bilmədim. Deyəsən, bu da elə eyni yolla gedir. Eşitmişəm ki, guya icra başçısı tikinti işləri üçün altı min manata yaxın pul istəyir”. Vasif Məcidzadə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-nin sorğusu cavablandırılmayıb. Daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə Meydan TV-yə deyir ki, qeyri-yaşayış binasının tikintisi üçün yerli icra hakimiyyətlərinə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək lazımdır: “İlk növbədə baxmaq lazımdır ki, vətəndaşın torpağı hansı kateqoriyaya aiddir. Bəzən görürsən ki, vətəndaşlar səhv sala bilir. Ola bilər ki, yolun bir tərəfində olan torpaq sahibkarlıq, qarşı tərəf isə kənd təsərrüfatı təyinatlı ola bilər. İkinci məsələ isə bütün hallarda vətəndaş icra hakimiyyətinə müraciət etməməlidir”. “Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron qaydada da müraciət edilməlidir. Komitədə müraciət əsasında təqdim edilən sənədlərə baxıldıqdan sonra icazə verilir. Əgər icazə verilərsə, bundan sonra yerli icra hakimiyyəti ona dair sərəncam verə bilir”. Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-neftaca-sakini-icra-bascisindan-narazidir-esitmisem-tikinti-ucun-6-min-manat-isteyir.html Neftçala sakini icra başçısından narazıdır: “Eşitmişəm, tikinti üçün 6 min manat istəyir” "Meydan.tv"

31
ŞƏRH YAZIN

E-poçt ünvanınız dərc olunmayacaq.

Şərh formasından sonra qeyd edin