“Sərhədsiz Təqiblər və Repressiya Qurbanları Müdafiə Komitəsi” Samir Aşurovun ailəsi bağlı BƏYANAT yaydı
Siyasi məhbus həyatı yaşayan Samir Aşurov 2018-ci ilə qədər Real Alternativ Hərəkatının üzvü olub. Həmin il o, diktatorun tanınması aksiyasında fəal iştirak edib və bu aksiyada iştirak etdiyinə görə 30 sutka inzibati həbs cəzası alıb. Bu həbsdən sonra Samir Aşurov siyasi məhbusların azadlıq aksiyasını təşkil etdiyinə görə yenidən inzibati qaydada 2 ay müddətinə həbs edilib. Siyasi baxışlarına görə ölkədə təqib təhlükəsi və çoxsaylı inzibati həbslər səbəbindən Samir Aşurov 2018-ci ilin sentyabrında Almaniyaya mühacirət edib. O, həmin ölkədən siyasi sığınacaq istəsə də, Almaniya Miqrasiya Departamenti Samir Aşuorv və ailə üzvlərinin müraciətini rədd edib. Onlar Azərbaycan və Avropa İttifaqı arasında 2014-cü ildə Brüsseldə imzalanmış readmissiya sazişi əsasında Azərbaycana deportasiya ediliblər.
Qeyd edək ki, readmissiya sazişində tərəflər beynəlxalq hüquqi sənədlər əsasında öhdəliklər götürüblər.
Readmissiya sazişinin 2 bəndinin tələbləri:
-1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsi;
-1950-ci il İnsan hüquqları və əsas azadlıqlara dair Avropa Konvensiyası və onun protokolları;
-1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;
-1984-cü il İşgəncə əleyhinə BMT Konvensiyası;
-1951-ci il Qaçqınların statusuna dair Cenevrə Konvensiyası və onun 1967-ci il Protokolu.
Sazişin 2 ci maddəsində göstərilən razılaşmanı nəzərə almayaraq, Almaniya Miqarsiya Departamenti, siyasi fəal Samir Aşurov və digərləri, “Azərbaycan Xalq Cəbhəsi Partiyasının” üzvləri, Mütəllim Orucov, Malik Rzayev və Pünhan Kərimli, “Demokratik Azərbaycan Seç” təşkilatın fəal üzvləri, Cəfər Mirzəyev, Ziya İbrahimli, Emin Məlikov və jurnalist Röya Rəfiyevi deportasiya ediblər. Adıçəkilən fəallar müqavilənin 2-ci maddəsinin tələblərini yoxlamadan bu ölkədən çıxarılıblar. Deportasiya edilən azərbaycanlı fəallar ölkələrinə təhvil verildikdən sonra Azərbaycan hökuməti fəallara qarşı müxtəlif ittihamlar irəli sürüb və onları həbs edib. 2014-cü ildə imzalanmış readmissiya sazişinin 3-cü maddəsində qeyd edildiyi kimi, Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Bundan əlavə, deportasiya olunub həbs edilən fəalların ailə üzvləri təqib və təzyiqlərlə üzləşirlər. Samir Aşurovun həbsindən sonra onun həyat yoldaşı davamlı etiraz aksiyaları keçirib, bir çox siyasi tədbirlərdə iştirak edib. Nuranə Aşurova siyasi tədbirlərdə iştirak etdiyi üçün onun telefonuna naməlum kiber mobil nömrələrdən müxtəlif təhdid mesajları göndəriilməkdədir. Nuranə Aşurova müxtəlif vaxtlarda Bakı şəhərində müntəzəm şəkildə izlənilib və təqib olunmaqdadır. İyunun 22-də polislər onun kirayədə qaldığı evə gələrək ona müxtəlif suallar veriblər. Polis gələndən sonra ev sahibi Nuranə Aşurovaya kirayə haqqını artırmaq istədiyini bildirib və daha sonra ev sahibi Nuranə Aşurovadan evi tərk etməsini tələb edib. Bu da öz növbəsində məhbus ailəsinə təzyiq və basqıların olduğunu sübut edir.
Xatırlasaq ki, Nuranə Aşurova “Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi”nin üzvüdür. Komitə xaricdən deportasiya olunmuş ailələrin hüquqlarını müdafiə edir. Bu komitə “Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu”nun tərkibində fəaliyyət göstərir. “Hüquq və Azadlıqların Müdafiə İnstitutu” və “Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiə Komitəsi” deportassiya qurbanları, Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurovaya qarşı hüquq mühafizə orqanları tərəfindən edilən təzyiqləri pisləyir. Komitə fəalların ailələrinə qarşı təzyiqləri hüquq və azadlıqların pozulması, siyasi fəalların müdafiəçilərinə qarşı başqa bir təzyiq növü kimi qiymətləndirir.
“Sərhədsiz Təqiblər və Repressiya Qurbanlarının Müdafiəsi Komitəsi”