Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 234

Müəmmalı şəkildə ölən prokurorluq işçisinə qarşı cinayət: Keçmiş həyat yoldaşı və qaynanasının həbsi tələb olunur

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müəmmalı şəkildə ölən əməkdaşı Emin Hüseynova qarşı törədilən cinayətlə bağlı araşdırma başlayıb. Criminal.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.
Elçin Məmməd 
Hüquq müdafiçəsinin sözlərinə görə, söhbət E.Hüseynovun ölüm işindən yox, onun ölümü vaxtı baş vermiş soyğunçuluq faktından gedir. E.Məmməd qeyd edib ki, Emin Hüseynovun müəmmalı ölümündən sonra onun avtomaşınından soyğunçuluq edilməsi və mərhuma aid bütün əşyaların götürülməsi faktının təhqiqatına başlanılıb:
“Baş vermiş cinayət hadisəsi ilə bağlı mərhumun atası Bəybala Hüseynovun və mənim şikayətimiz əsasında Səbail rayon Polis İdarəsində araşdırma aparılır. Bir müddət prokurorluq və polis məsələnin araşdırılmasını bir-birlərinə ötürsələr də, nəhayət məsələni polis araşdıracaq. Artıq Bəybala Hüseynov həmin idarənin 41-ci polis bölməsinə dəvət olunub və təhqiqatçı Həmid Ağayev tərəfindən izahatı alınıb. Yaxın günlərdə Emin Hüseynovun öldürülməsindən sonra şübhəli bilinən şəxslərin də ifadəsinin alınması üçün polis idarəsinə çağırılacağı gözlənilir. Həmin şəxslər mərhumun avtomobilindən soyğunçuluq edilməsi və ona aid əşyaların götürülməsində şübhəli hesab edilir”.
Bəybala Hüseynov 
E.Məmməd bildirib ki, şikayət ərizəsində şübhəli şəxs qismində adları çəkilən mərhumun keçmiş həyat yoldaşı Elfira Mövsümlü, sonuncunun xalası uşaqları Orxan Musayev və Babək Musayev, anası Aygün Mövsümova, mərhumun əmisi oğlu Fuad Hüseynovdur:
“Adları çəkilən şəxslər barəsində cinayət işi açılmalı və onlar məsuliyyətə cəlb edilməlidir. Təhqiqat prosesində Səbail rayon Polis İdarəsi 41-ci polis bölməsinin əməkdaşları oğurluq edilən avtomobilin yerləşdiyi yerə baxış keçirib. Hesab edirəm ki, Türkiyədə qətlə yetirilən Emin Hüseynovun ölümünün təfərrüatlarının araşdırılması ilə yanaşı, mərhuma aid olan 10-ON-733 dövlət nömrə nişanlı avtomaşınından soyğunçuluq edilməsi faktının da ədalətli araşdırılması və ona aid bütün əşyaların kimlər tərəfindən götürülməsi açıq aşkar ortaya çıxmalıdır. Çünki məlum soyğunçuluq hadisəsi Emin Hüseynov öldükdən sonra dəlil və sübutların ört-basdır edilməsi, gizlədilməsi məqsədi daşıyıb”.
Criminal.az xatırladır ki, mərhumun atası Bəybala Hüseynov iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri – rəis Kamran Əliyev və müavin Əli Nağıyevi (hazırda DTX-nın rəisidir – red) ittiham edirdi. B.Hüseynov Criminal.az saytına açıqlamasında oğlunun ölümündə dövlət adamlarından başqa gəlini və turizm şirkətinin rəhbərini də günahkar hesab edib:
“Oğlum ölümündən 15 dəqiqə qabaq anası ilə telefonla danışarkən deyib ki, düşməni Əli Nağıyev və Fuad Rəsulovdur. Anası da deyib ki, telefonda ad çəkmə, atanla danışarsan. 15 dəqiqə sonra gəlib Eminə zəng etdim, artıq o ölmüşdü, komada idi, danışa bilmirdi. Cənazəni Azərbaycana gətirəndən sonra oğlumun sözünü xatırladım. Axı o demişdi düşmənim Əli Nağıyev və Fuad Rəsulovdur. Telefonu götürdüm ki, dostlarına nəsə yazıb deyə baxım. Baxdım ki, gəlinim Eminin telefonunda olan bütün məlumatları silib. Oğlumun ikinci telefonunu isə gəlinimin xalası oğlu dənizə atıb. Gəlinim, bir gün toparlanaraq evimdən qaçdı”.
Mərhumun atası B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
Prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarını isə Baş Prokurorluq rədd edir. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilirdi ki, Hüseynov Emin Bəybala oğlunun qeyri-qanuni şəkildə işə qəbul edilməsi və əmək məzuniyyətində olduğu dövrdə Türkiyə Respublikasının Antalya vilayətində ölməsinin sifarişlə təşkil edilməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Bu yazını paylaş

Xocalı rayon Polis rəisindən nazir Vilayət Eyvazova şikayət

Next Story »

Jurnalist Əfqan Sadıqova qarşı qaldırılmış məhkəmə iddiaları ilə bağlı beynəlxalq təşkilat və yerli QHT-nin birgə Bəyanatı

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.