Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 241

PROKURORLUQ ƏMƏKDAŞININ ÖLÜMÜNDƏ HƏYAT YOLDAŞI VƏ TURIST ŞIRKƏTI RƏHBƏRININ ƏLI OLDUĞU DEYILIR

Ekspertlərin rəyinə görə, mərhum ona kənardan verilən zəhərli maddənin nəticəsində dünyasını dəyişib.

Emin Hüseynovu koma vəziyyətində buraxıb həyat yoldaşının müğənni Sibel Canın konsertinə getməsi şübhələri artırır.

Mərhumun həyat yoldaşı Elfira Mövsümlü və “Avangard Travel” şirkətinin müdiri Yeganə Nağıyeva baş vermiş cinayəti bildikləri halda qəsdən ört-basdır etməyə çalışıblar.

EMSon dövrlər medianın gündəmindən düşməyən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun Türkiyədə müəammalı ölüm hadisəsi ilə bağlı yeni faktlar gün işığına çıxıb. Cinayət hadisənin baş verməsində Azərbaycan vətəndaşları arasında iştirak etmiş şəxslər də var və onlar öz hərəkətləri ilə bütün şübhələri özlərinə çəkirlər. Bu barədə mərhumun atası Bəybala Hüseynovun nümayəndəsi hüquq müdafiəçisi Elçin Məmməd mətbuata açıqlama yayıb. Onun sözlərinə görə, Emin Hüseynov ölümündən 15 dəqiqə öncə anası ilə telefonda danışıb və iş yerində yaranmış vəziyyətlə bağlı narahatlılığını bildirib. Həyat yoldaşı Elfira Mövsümlü mərhumun telefonunda olan bütün məlumatları heç kimə xəbər etmədən silib. Bundan əlavə, “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyeva tərəfindən səyahət paketinə dəxli olmayan bir yaxta turu təşkil edilib və mərhumun ölümü bundan sonrakı mərhələdə baş verib. Hüquq müdafiəçisi əlavə edib ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 307.2-ci madddəsi (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) ilə cinayət işinin açılması, onların məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğa və Sumqayıt şəhər Prokurorluğuna müraciət edilib.

EH3“Mərhumun həyat yoldaşı Elvira Hüseynova həmişə özünü qəribə aparıb və az da olsa ölüm hadisəsi onda narahatlılıq yaratmayıb. Ərinin ölümü onda heç hiss olunmur və hətta soyadını Mövsümlüyə dəyişib rahat həyatına davam edə bilir. Bir dəfə də olsun qaynatasından cinayət işinin araşdırılmasının nəticəsi barədə maraqlanmayıb. Adı çəkilən turizm şirkətinin rəhbəri Yeganə Nağıyeva mənbəyi bilinməyən yaxta tur təşkil edib. Türkiyə tərəfinin tələbi ilə bizim Baş prokurorluqda alınan ifadələrdə ziddiyyətli məqamlar mövcuddur və səyahəti təşkil edən şəxsin telefon danışıqları ilə ifadələrində xeyli uyğunsuzluq var. Müxtəlif vaxtlarda mətbuata verdikləri açıqlamalarda uyğun gəlməyən ifadələr Elfira Hüseynova və Yeganə Nağıyeva barəsində bizdə haqlı şübhələr yaradıb. Bütün bunlar, mərhumun öldürülməsi qənaətinə gəlinir və hesab edirik ki, bu şəxslər baş vermiş cinayəti bildikləri halda hansısa səbəbdən gizlədiblər.” – deyə hüquq müdafiəçisi bildirib.

BHElçin Məmməd əlavə edib ki, ölümündən öncə izləndiyini, həyəcan və qorxu keçirdiyini, bir gün oğlunun başına bir iş gələcəyini dəfələrlə qaynatası Bəybala Hüseynova bildirən mərhumun həyat yoldaşı verdiyi ifadələrdə əksini söyləyib:

“Bütün vəziyyəti bildiyi halda mərhumu elə bil məcburi halda Antalyaya istirahət adı altında aparıblar. Həyat yoldaşı onu səyahətə getməyə məcbur edib və Türkiyəyə bilet alınıb. Emin Hüseynov da çıxalmaz vəziyyətdə qalaraq bununla razılaşıb. Mərhum istirahət etdikləri otelin idman zalında məşq edərkən anidən yıxılıb. Oteldən təcili yardım maşınında xəstəxanaya aparılıb və həyat yoldaşı da eyni maşında xəstəxanaya gedib. Ekspertlərin rəyinə görə, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Həmin vaxt Türkiyədə olmasına baxmayaraq Emin Hüseynovla heç cür görüşməyə imkan tapa bilməyən yaxın dostu Orxan Quliyev nədənsə həmin an xəstəxanaya gəlib. O, mərhumun koma vəziyyətində olmasına baxmayaraq Elfira Mövsümlünü də götürüb ailəsi ilə birlikdə müğənni Sibel Canın konsertinə gediblər. Həyat yoldaşı ötən ilin oktyabrında bizim Baş Prokurorluqda verdiyi ifadədə qeyd edib ki, mərhum hədə-qorxuya məruz qalması və izlənilməsi barədə ona heç nə danışmayıb və bu barədə eşitməyib. Ancaq bu ilin aprelində mətbuata verdiyi açıqlamada isə mərhum ərinin ölümündən öncə izlənməsini təsdiq edib.”

YNHüquq müdafiəçisi qeyd edib ki, Emin Hüseynovun sifarişli qətlində digər şübhəlilərdən biri də, “Avangard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyevadır. Onun sözlərinə görə, həmin şəxs mərhuma mənbəyi bilinməyən yaxta tur təşkil edib və indiyə qədər bu turun niyə təşkil edildiyini əsaslandıra bilməyib. Yeganə Nağıyeva 2018-ci ilin oktyabr ayında Baş Prokurorluqda verdiyi ifadədə qeyd edib ki, Türkiyənin “Enjoy” şirkəti ona yaxta gəzintisini 26 ABŞ dollarına satıb və xanım da hədiyyə kimi mərhuma verib. Ancaq adı çəkilən turist şirkətinin rəhbəri məsələni təkzib edib və bildirib ki, mərhuma hər hansı yaxta tur təşkil etməyiblər.

EH“Yeganə Nağıyeva ilkin olaraq mərhumu hədiyyəlik yaxta turu adı altında aldadaraq, sonradan “yox bu hədiyyəlik deyil, mən onun pulunu buradan ödəmişdim, yaxta tur bir nəfər üçün 20-30 ABŞ dolları məbləğindədir” – deyib. Amma dəqiq məbləğ bilinmir, kimə və necə ödədiyi məlum deyil. Onları yaxta gəzintisi olan yerə qədər taksi ilə aparıb gətirmək özü elə 100 ABŞ dollarına başa gəlir. Əgər bu doğrudursa, necə ola bilər ki, bir nəfər üçün 20-30 ABŞ dolları ödənildiyi halda, yol məsrəfi ondan çox çıxır? Buradan məlum olur ki, Yeganə Nağıyevanın danışdıqları yalandır və fikri yayındırmağa çalışır. Turist şirkətinin rəhbəri ifadəsində onu da bildirib ki, Enjoy şirkətindən Emrah Uysal və Selami Gökhanı tanıyır, həmin yaxta turu isə qeyd edilən şirkətin rəsmisi Emrah Uysal vasitəsilə alıb. Adları çəkilən şəxslər ötən ilin sentyabrında Türkiyənin Antalya Prokurorluğunda həmin cinayət işi üzrə verdiyi ifadələrdə onların şirkəti üzərindən heç bir yaxt turun təşkil edilmədiyi və Emin Hüseynov adlı şəxsi tanımadıqlarını bildiriblər.” – deyə Elçin Məmməd qeyd edib.

EH4Hüquq müdafiəçisi həmçinin əlavə edib ki, sadaladığı faktlar, o cümlədən adları çəkilən şəxslərin ziddiyətli ifadələri və medaida gedən yazılar göstərir ki, Yeganə Nağıyeva və Elvira Mövsümlü mərhumun həyatına qəsd ediləcəyindən xəbərdar olublar, baş vermiş cinayəti bildikləri halda bu barədə dövlət orqanlarına məlumat verməyiblər və qəsdən cinayəti ört-basdır etməyə çalışıblar.

Xatırladaq ki, 1988-ci ildə təvəllüdlü, ölümünə qədər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsində işləmiş Emin Hüseynov 2017-ci ilin avqust ayında növbəti məzuniyyəti müddətində Türkiyə Cümhuriyyətinin Antalya şəhərində istirahət zamanı müəmmalı şəkildə dünyasını dəyişib. Atası Bəybala Hüseynov şübhəli ölüm faktını araşdırmağa başlayıb və qanın analizləri nəticəsində məlum olub ki, mərhum ona kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişib. Baş vermiş hadisə ilə əlaqədar Türkiyə Cinayət Məcəlləsinin 81.1-ci “Qəsdən İnsan Öldürmə” maddəsi ilə cinayət işi açılıb. 2017/76555 saylı cinayət işi üzrə istintaq davam edir və Lara Anadolu Xəstəxanasının işçiləri Azime Evci, Kutyar Mısırlıoğlu, Yetkin Çeray və Ağdəniz Xəstəxanasının işçisi Barış Akgül şübhəli şəxs kimi istintaqa cəlb edilib. Qeyd edilən cinayət işinin istintaqı ilə əlaqədar Türkiyə tərəfi 18 mart 1968-ci il tarixli “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə orqanlarına müraciət edib. Həmin müraciətdə cinayət hadisəsi ilə bağlı bəzi məsələlərin aydınlaşdırılması və “Avangard Travel” şirkətinin rəhbəri Yeganə Nağıyevanın mobil telefonunun incələnməsi, ondan mərhum Emin Hüseynovun yaxta gəzintisi ilə bağlı təfsilatlı məlumat tələb edilir.

Səbinə MƏMMƏDLİ

Bu yazını paylaş

Korrupsiyada ittiham olunan Əli Nağıyevlə bağlı Prezidentə müraciət edildi

Next Story »

Azərsun şirkətinin prezidenti PKK-nin maliyyə qaynagı Abdulbari Gozalın şirkətlərinin – Siyahısı

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.