Özəl

Daha çox məqalə oxu

More
  • Baxış sayı 297

Taleh Bağırzadənin həyat yoldaşı həbsxanada baş verənlərdən danışdı

”Taleh yeməyi elektrik çaydanının içində qızdırır”

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadə həyat yoldaşıyla görüşə gedərkən telefon keçirməyə cəhd göstərməsi barədə yayılan məlumatları təkzib edib. Meydan TV-yə müsahibəsində bu barədə ətraflı danışan L.İsmayılzadə bildirib ki, telefon məsələsilə əlaqədar saxlanması barədə deyilənlərin də heç bir əsası yoxdur. O, martın 21-dən 24-nə qədər üç övladı ilə birlikdə Qobustan həbsxanasında həyat yoldaşıyla uzunmüddətli ailə görüşündə olduğunu söyləyib:

“Uzunmüddətli görüşə gedəndə orada qalacağımız üç gün üçün daha çox əşya, o cümlədən uşaqların qələmlərini, Abbas kiçik olduğu üçün oyuncaqlarını da aparırıq ki, başı qarışsın. Qobustan həbsxanasında saxlanılan məhbuslara sovqat iki aydan bir qəbul olunur. Ona görə yeməkləri, ərzağı da bol eləyirik ki, növbəti dəfəyə çatsın. Bu üzdən görüşə getməmişdən öncə başımız qarışmışdı. Paltarları, oyuncaq çantasını götürəndə bir-bir töküb içinə baxmamışdım. Həbsxanada iki yerdə yoxlamadan keçirik. Kişi nəzarətçilərə sovqat, pal-paltar və s. olan çantaları verirəm, şəxsi əşyalarımı götürüb keçirəm qadın nəzarətçinin yanına, o, üzərimizə baxış keçirir. Qadının yanına keçməzdən öncə bütün bağlama və çantaları təhvil verdim, o cümlədən də Abbasın oyuncaqlar olan uşaq çantasını. Hacı ilə görüşdə idik artıq, təxminən yarım saat sonra gəldilər ki, uşağın oyuncaq çantasından telefon çıxıb. Evdə köhnə “Nokia” markalı telefon var, Abbas onu oynadır, elə bildim odur. Çünki oyuncaqların arasında olur. Dedilər, yox, “Samsung”dur. Göstərəndə biixtiyar dedim ki, iki gündü evdə qayınatam bu telefonu axtarır”.

L.İsmayılzadənin sözlərinə görə, həmin telefon qayınatasınındır. Uzun müddətdir ki, telefon kimi istifadə olunmur, uşaq onun vasitəsilə “youtube”da cizgi filmlərinə baxır: “Dedilər, izahat yazılmalıdır, bildirdim ki, problem yoxdur, yazdım. Qeyd elədim ki, uşaq bizim xəbərimiz olmadan çantaya oyuncaqlarının arasına atıb. Telefonun enerjisi də bitmişdi, öz avadanlıqları ilə cərəyana qoşdular, açıldı. Telefonun içindəki nömrəni soruşdular, doğrusu, bilmirdim. Axı aylardır işləmir. Araşdıra da bilərlər ki, axırıncı dəfə o telefondan nə vaxt zəng gedib. Özləri də gördülər heç konturu da yox idi. Hacı dedi ki, evimizə zəng eləyib qayınatamdan soruşa bilərlər nömrəni. Zəng eləyiblər, qayınanam götürüb. Həmin vaxt onun həbsxanada baş verənlərdən xəbəri yox idi. Deyiblər, Talehin ailəsinin çantasından telefon tapılıb. Telefonu təsvir edəndə qayınanam da deyib ki, iki gündü evdə biz o telefonu axtarırıq. Qayınanam da deyib ki, Abbas babasının o telefonuyla “youtube”da cizgi filmlərinə baxırdı. Heç qayınanam da nömrəni bilmirdi. Sonra qayınatamdan nömrəni öyrəniblər”.

L.ismayılzadə bildirib ki, özü də, həyat yoldaşı da məsələnin böyüyəcəyini güman etməyiblər. Çünki həbsxanada da onlarla kobus davranan, artıq-əskik söz deyən olmayıb. Görüş vaxtı biliblər ki, Penitensiar Xidmət onunla bağlı rəsmi açıqlama yayıb, telekanallar bunu nümayiş etdirib. Xanımının sözlərinə görə, bu da T.Bağırzadənin narazılığına səbəb olub: “Penitensiar Xidmət adəti üzrə onu da yalan yazmışdı ki, guya biz qısamüddətli görüşə getmişik. Hacı telekanallarda məlumat yayılandan sonra işçilərə də dedi ki, bu telefon gizli yerdən tapılmayıb. Onu gizli keçirmək istəyən açıq-aşkar çantaya qoymazdı. Qobustan həbsxanasında əşyalar, sovqat çox ciddi yoxlanılır, biz bunu yaxşı bilirik. Üç aydır ki, həbsxanada Hacıya problemlər yaradırlar, onun üzərində xüsusi nəzarət var. Hətta oradakı zülmlərə etiraz olaraq, on beş gün aclıq elədi. Bunları bilə-bilə mən necə ağılsızlıq edib ora telefon keçirməyə cəhd göstərərəm? Bu boyda təzyiqlərin qarşısında bunu eləmək heç bir məntiqə sığmır axı”.

L.İsmayılzadə hesab edir ki, məqsədli şəkildə – T.Bağırzadəyə təzyiq etmə üçün bu məsələni böyüdüblər. Həyat yoldaşının sözlərinə görə, T.Bağırzadəyə qarşı xüsusi qəzəb olduğu hər addımda görünür: “Məhbusların hamısına qızdırıcı verirlər, Talehə yox. Taleh yeməyi elektrik çaydanının içində qızdırır. Bizə demişdi ki, çaydan xarab olub, dəmir “Tefal” çaydan gətirək. Biz həm çaydan, həm də qızdırıcı apardıq. Amma heç birini buraxmadılar. Bu, təzyiq, ayrı-seçkilik deyil, bəs nədir?”

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.(meydan.tv)

Bu yazını paylaş

Qanunsuz dərman əməliyyatı: generalların biri danışmaqdan imtina edir, o biri isə kənarda saxlanılıb

Next Story »

Laçın köçkünü: İcra başçısı deyir, yazmağı dayandırmasan səni həbsə atdıracam

Məqaləyə şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.